Fəaliyyətsiz Qadın hüquqlarının müdafiəsi  təşkilatları: Hesabat versinlər!

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması


“100 tələbəni yığıb tədbir keçirmək, ya da 3-5 adama mikrofon uzadıb kiçikhəcmli sorğular hazırlamaq hələ iş görmək deyil”


    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb.
  Qadınların konstitusion-hüquqi statusu ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının “bərabərlik hüququ” adlı 25-ci maddəsi ilə müəyyən olunur. Həmin maddəyə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir; kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
  Qadınların konstitusion-hüquqi statusu 10 oktyabr 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə daha da konkretləşdirilir və dəqiqləşdirilir. Bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi kimi təsbit olunur.
  Qeyd edək ki, dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı görülən tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.
  Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün şərait yaradılıb və mühüm işlər görülüb. Azərbaycanda fəaliyyət göstərən aidiyyati QHT-nin zorakılıqla mübarizədə fəal iştirakı problemin həllində çox vacibdir”.
  Lakin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova hesab edir ki, Azərbaycanda qadın hüquqları ilə bağlı 200-ə yaxın QHT mövcuddur, amma bu təşkilatlar o qədər fəal deyil və olanların da fəaliyyətləri o dərəcədə də keyfiyyətli deyil.
  O qeyd edib ki, bəzi təşkilatlar qadın hüquqları sahəsində fəaliyyətlərin asan olduğunu düşünürlər: "Lakin onların çoxunun BMT-nin qadın və uşaq hüquqları ilə bağlı sənədlərindən, dövlət qanunlarından xəbərləri yoxdur. QHT-nin qrant almaq üçün təqdim etdikləri layihələri oxuyuruq, çatışmazlıqlar var. Onlar bir sıra sənədlərdən məlumatsızdırlar" .
  Sosioloq-jurnalist Lalə Mehralı isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-nin, xüsusən də, ailə, qadın, uşaq problemləri sahəsində məşğul olan vətəndaş cəmiyyətlərinin böyük əksəriyyətinin fəaliyyəti doğrudan da hiss olunmur. Onun sözlərinə görə, bir neçə QHT istisnadır ki, onların bu istiqamətdə gördüyü işlər, keçirdiyi tədbirlər də ictimaiyyətə bəllidir:

“Az qala ölkədəki bütün qadın və uşaqların məruz qaldıqları problemlərin yükü az imkanlarla çox iş görən bu təşkilatların çiyinlərindədir. İstiqamətini bu sahə üzrə seçib, QHT-yə dəstək fondundan qrant alan bir çox QHT var ki, illərdir bu təşkilatların nə işlə məşğul olduğu, hansı mənsəbə qulluq etdiyi bəlli deyil. Onları maraqlandıran tək şey alacaqları pulun miqdarıdır. Əgər bizim bilmədiyimiz nəsə bir iş görüb, hansısa problemin həllinə töhfə veriblərsə, ictimaiyyətə bu barədə hesabat versinlər. Gedib, hansısa Universitetin akt zalında 100 tələbəni yığıb tədbir keçirmək, ya da 3-5 adama mikrofon uzadıb kiçikhəcmli sorğular keçirib bunu ümumölkə göstəricisi kimi dəyərləndirmək qadınların problemlərini həll etmək, onların hüquqlarını müdafiə etmək demək deyil. Qrant layihəsini icra edən təşkilatın mütləq şəkildə dövlətə və cəmiyyətə bir faydası olmalıdır. Əgər onların illər ərzində aldığı qrant, keçirdiyi tədbirlərin cəmiyyətə bir faydası olmayıbsa, demək ki, onların fəaliyyətləri yararsızdır. Çox təəssüf ki, bizdə vətəndaş cəmiyyəti deyiləndə asan yolla pul qazanmaq kimi anlaşılır. Halbuki seçdikləri fəaliyyət istiqaməti üzrə QHT-nin üzərinə kifayət qədər öhdəlik qoyulur. Mövcud sahədəki problemlərin həlli yollarının tapılmasında dövlətlə də, cəmiyyətlə əməkdaşlıq etməli, bir növ körpü rolunu oynamalıdır. Amma əksər QHT keyfiyyətsiz bir layihə cızma-qara edib, hansısa yollarla həmin layihəyə qrant ayrılmasına nail olurlar və həmin maliyyə ilə istirahətə gedirlər. 5-10 kvadratlıq otaqlarda keçirdikləri seminarların, hazırladıqları mənasız bukletlərin də şəklini çəkib, dost-tanış mediasında yayımlayırlar ki, guya bunlar gecə-gündüz qadın hüquqlarının müdafiəsi, məişət zorakılığının aradan qaldırılması üçün işləyirlər".