4 dəfə artıq su israf edirik - RƏY

Şəhərin mərkəzində su o qədər təzyiqlə gəlir ki, sakinlər dəfələrlə su kranlarını dəyişməli olur

“Hər istifadədə biz 4 dəfə artıq su israf edirik. Təzyiq azaldılmalıdır. İctimai yerlərdə sudan istifadəyə nəzarət gücləndirilməlidir”

  "Azsulu ölkə olmağımıza baxmayaraq, Azərbaycan yaxın 10 ildə içməli su ilə bağlı sıxıntı yaşamayacaq. Bunun üçün əsas şərt sudan səmərəli və qənaətlə istifadə etməkdir".
  Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda içməli və suvarma sularında böyük itkilər var: "Gürcüstanda da məsələlər eyni formadadır. Orada da içməli və suvarma suları ilə bağlı itkilərin həcmi böyükdür. Əsasən içməli suyun nəql olunması transferində böyük itkilərimiz mövcuddur. Növbəti dövrlərdə iki ölkə arasında suyun keyfiyyəti və həcmindən başlamış, qənaətli istifadəsinə qədər müxtəlif layihələrin birgə həyata keçirilməsi müzakirə olunacaq".
  Nazir müavini söyləyib ki, Azərbaycanın su ehtiyatları həm də qonşu ölkələrlə bağlıdır: "Belə olanda da bu cür məsələləri sıx əməkdaşlıq, dost və qonşuluq münasibətləri kontekstində həll edə bilirik".
  Ekoloq, professor Rauf Sultanov isə hesab edir ki, dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir. O, “Sherg.az"a açıqlamasında deyib ki, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin elektronlaşdırılması mühüm məsələlərdəndir:

“Ərazimizdə su ehtiyatının məhdud şəraitində bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir. İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda adambaşına düşən içməli su sərfiyyatı 4-5 dəfə çoxdur. Ölkədə içməli suların istifadəsinə dövlət və aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət edilməlidir. Su ehtiyatlarının nəzarətsiz istifadəsi qıtlığa səbəb olur. Həyət evlərində şəbəkədən kənar su xətti çəkib istədikləri qədər sərf edirlər, maşınyuma yerlərində şirin sudan istifadə edirlər, kimyəvi maddələr isə suyu çirkləndirir. Şirin su təkrar istifadəyə yararlı olmalıdır, lakin belə olan halda kimyəvi qatqılı sudan təkrar istifadə mümkünsüz hala gəlir. Şəhərin mərkəzində su o qədər təzyiqlə gəlir ki, yay aylarında sakinlər dəfələrlə su kranlarını dəyişməli olur. İçməli suyun verilmə qrafikində dəyişiklik edilməsi vacib addımdır. Hər istifadədə biz 4 dəfə artıq su israf edirik. Təzyiq azaldılmalıdır. İctimai yerlərdə sudan istifadəyə nəzarət gücləndirilməlidir”.