Uşaqlarda qumar asılılığı... - Valideynlər nə etməli?

İlk əlaməti kompüter arxasında getdikcə daha çox vaxt keçirmək ehtiyacıdır
 
“Bəzi məktəblilər valideynlərinin qadağalarına baxmayaraq, bütün gecəni oynaya bilirlər”

“Bu gün demək olar ki, hər bir ailədə internetə çıxışı olan kompüter və ya telefon var ki, bu da istənilən uşağa kompüter oyunları oynamağa imkan verir. Zaman keçdikcə o, kompüterə daha çox sövq etməyə başlayır və tezliklə zərərli və çox ağır bir asılılıq yaranır”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalov deyib. 
  
Kompüter oyunlarından asılılığın ehtimal olunan səbəblərinə toxunan ekspert deyib ki, alkoqolizm və narkomaniya xəstəliklərinə baxanda, "İqromaniya" oyun, qumar asılılığı ya müalicə edilmir və ya çox çətinliklə alınan müalicədir: “Oyun, qumar oynamaq qarşısıalınmaz bir istək ilə xarakterizə olunan mürəkkəb bir psixi pozğunluqdur. Bu, hazırda dünyada fərqli bir xarakter alaraq, uşaqlarda ən çox kompüter, telefon oyunlarına aludəçilik kimi özünü göstərir. Bu halda uşaqlar tədricən qapalı və ünsiyyətsiz olurlar, uydurma bir dünyada gizlənərək reallıqdan qaçmağa çalışırlar. Qapalı, qorxulu, özünə inamı olmayan uşaqlar  virtual aləmə daxil olduqda özlərini qəhrəman kimi hiss edə bilərlər.
  
Evdə və ya məktəbdə gərgin olurlar. Yəni valideynlər, sinif yoldaşları və dostları ilə problemlər uşaqların reallıqdan da gizlənməsinə səbəb ola bilər.
  
Real həyatda dostların və maraqların olmaması şagird və tələbələrdə kompüter oyunlarına marağı artırır. Çünki o, cansıxıcı həyatdan bezir”.
E.Maqalovun sözlərinə görə, uşaqlarda qumar asılılığının ilk əlaməti kompüter arxasında getdikcə daha çox vaxt keçirmək ehtiyacıdır. Əvvəlcə uşaq gündə 1-2 saat oynayır, lakin tədricən daha uzun qalmağa başlayır: 

“Bəzi məktəblilər valideynlərinin bütün qadağalarına baxmayaraq, bütün gecəni oynaya bilirlər. Məktəb performansının azalması, ev tapşırıqlarını yerinə yetirməkdən imtina, çöldə oynamaq və ya dostları ilə vaxt keçirmək istəməməsi, artan narahatlıq, aqressivlik, pis davranış, avaralıq, evdən qaçmaq; yaxınlarına tam biganəlik uşaqlarda oyun asılılığının mövcudluğunu göstərə bilər.  Zaman keçdikcə uşaq özünə qapanır və ətraf aləmə biganə olur. Kompüterdən başqa hər şeylə maraqlanmağı dayandırır. Təbii ki, bütün bunlar uşağın gələcəyinə, taleyinə mənfi təsir göstərir. Qumar asılılığının vaxtında müalicəsi onu normal həyat tərzinə qaytarmağa və bir çox problemlərdən qorumağa kömək edir”.
  
Diaqnostik üsullara toxunan E.Maqalov hesab edir ki, valideynlərin özləri adətən uşağında “kompüter” asılılığını müəyyən etməkdə çətinlik çəkmirlər. Övladının davranışındakı dəyişiklikləri fərq edərək, ciddi problemin yarandığını tez anlayırlar: 

“Ancaq diaqnozu təsdiqləmək üçün psixoterapevtlə məsləhətləşmə tələb olunur. Təcrübəli mütəxəssis xarakterik davranış pozğunluqlarını dərhal müəyyən edə bilər. Uşaqlarda kompüter oyunlarına aludəçilik psixi pozğunluq olduğundan onun müalicəsi psixiatr və psixoloqlar tərəfindən aparılmalıdır. Peşəkar psixoloji yardımla yanaşı, uşağın valideynlərinin və dostlarının dəstəyinə ehtiyacı var. Yuxarıda qeyd edildiyi kimi, qumar asılılığının əlamətləri görünəndə ediləcək ilk şey bir mütəxəssislə əlaqə saxlamaqdır. Qohumlar uşağın təmiz havada daha çox vaxt keçirməsini, dostları ilə gəzməsini təmin etməlidir. Onu hansısa idman və ya başqa hobbi ilə maraqlandırmaq çox faydalıdır”.