“Təkərli kitab dükanı” rəğbət qazanacaq

Şahbaz Xuduoğlu: “Hər halda ilk dəfədir Azərbaycanda belə bir addım atıldığı üçün risklər var, ilk iş həmişə çətin olur”


  “Qanun” nəşrlər evi və “Əli və Nino” kitab mağazaları şəbəkəsi yeni layihəyə başlayıb. Sözügedən sosial layihə ilə bağlı “Şərq” qəzetinə müsahibə verən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib ki, “Təkərli kitab dükanı" adlı yeni layihədə hər həftə bir bölgəyə səfər edərək, 1,2,3 manata, endirimli kitab satışı həyata keçiriləcək.

- Birdən-birə bu fikir ağlınıza haradan gəldi?

- Əslində uzun müddət idi ucqar rayonları, kəndləri kitabla təmin etmək üçün nəsə bir ideya axtarırdıq. Qərar verdik ki, elə ən yaxşısı  hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır. Bu səbəbdən "Təkərli kitab dükanı" yaratdıq.
Plan belədir ki, hər həftə  hansısa bölgəyə səfər edək. Bölgədə yaşayan insanlara da 1,2,3 manata, endirimli  kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma altında poeziya, yaradıcılıq, qiraət  axşamları təşkil edək; kitab mühiti yaradaq.

- “Təkərli kitab dükanı” kitab satışına öncə haradan başlayacaq?

- Yaxından uzağa doğru səfər etməyi planlaşdırırıq. Getməzdən əvvəl öz səhifələrimizdə, “Təkərli kitab dükanı” üçün yaradılan ayrıca instaqram səhifəsində öz marşrutlarımızı, gedəcəyimiz yerləri paylaşacağıq. Bacardığımız qədər bütün ölkə ərazisinə səfər edib, səyyar kitab satışını təşkil edəcəyik. 

- İlk səfərinizi nə vaxta planlayırsınız?

- Yəqin ki, bu həftə sonu, şənbə, ya bazar günü başlamaq fikrimiz var.

- Hansısa bir işə başlamazdan əvvəl bir gözləntimiz olur. Sizcə, “Təkərli kitab dükanı”na rayon  əhalisinin reaksiyası necə olacaq?

- Məncə çox yaxşı! Bizim insanlarımız qonaqpərvərdir. Hesab edirəm ki, getdiyimiz hər rayonda, hər kənddə səyyarv kitab satışı layihəmiz rəğbət qazanacaq. Hər halda ilk dəfədir Azərbaycanda belə bir addım atıldığı üçün risklər var. İlk iş həmişə çətin olur. Amma mən inanıram, inanıram ki, ünsiyyətimiz, satışımız ürəyimizcə olacaq və “Təkərli kitab dükanı” geniş xalq dəstəyi alacaq. 

- Daha çox hansı kitabları aparacaqsınız? Dükanla müqayisədə maşının tutumu o qədər də böyük olmur? 

- Daha çox oxunan, yerli və tərcümə olunan kitabların hər birindən aparacağıq. Eyni zamanda da  kataloqları aparacağıq ki, olmayan kitabların  sifarişini qəbul edib  sonradan ünvana göndərək. Sözsüz ki, rayon yeri olduğu üçün bahalı kitabların sayı o qədər də çox olmayacaq. 

- Yəni maşında ancaq 1,2,3 manatlıq  kitablar satılacaq? 

- Yox, əlbəttə! Daha yüksək qiymətə olan kitabları seçmək imkanı olacaq. Lakin qeyd etdiyim kimi, rayon yeri olduğu üçün daha çox endirimli kitabların satışına üstünlük veriləcək.