Orqan elanları: Alqı-satqı, yoxsa xeyirxahlıq?

Bu işlə məşğul olanlar, sosial şəbəkələr nəzarətə götürülməlidir

  Son zamanlar sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyən insanlarla bağlı və buna dair səhifələrə rast gəlinir.
  Məsələ ilə bağlı "Trend"-ə açıqlamasında millət vəkili Rəşad Mahmudov bildirib ki, bəzi orqan satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məsələlərin gündəmə gəlməsi xoşagəlməzdir. "İnsanlar arasında bu haldan sui-istifadə edərək orqan alverinə cəhd xoşagəlməz haldır. Bu həm hüquqi, həm də tibbi tərəfdən birmənalı olaraq yolverilməzdir. Azərbaycan qanunvericiliyində bunu əngəlləyən hüquqi-normativ sənədlər var. Səhiyyə Nazirliyinin tərkibində yaradılmış Koordinasiya Mərkəzinin və hər bir xəstəxanada bu işlə məşğul olan ekspertlərin və xəstəxanaların özlərinin deontolojik, etik, hüquq kriteriyalarına uyğun olaraq bunun real nəticələriylə rastlaşmamışıq". R.Mahmudov vurğulayıb ki, bu, birmənalı olaraq ölkəmizdə aparılan səhiyyə islahatlarına zərər verən bir hadisədir. "Amma bunu yaradan səbəblər içərisində ölkədə aparılan müsbət tendensiyalı işlərdir. Bunlar içərisində də bir çox sahələr kimi orqan transplantasiyasının da icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsidir. Bu, insanlar üçün ciddi bir şəkildə rahatlıq yaradıb. Əvvəllər maddi imkansızlıqdan bu əməliyyatlara imkanı çatmayanların orqan transplantasiyasının aparılmasının aparılan siyasətin nə qədər doğru olduğunu göstərir".
  Psixoloq Azad İsazadə isə hesab edir ki, bunun əsas səbəblərindən biri sosial problemlər, bir qismi də psixoloji məqamlardır. Amma istənilən halda belə elanları yayan şəxslər və şəbəkələr ciddi nəzarətə götürülməli, onların problemlərinin həlli istiqamətində işlər aparmalıdırlar: 

“İnsanların öz orqanları ilə bağlı onlayn satış elanı verməsi qətiyyən düzgün deyil, hətta cinayətdir. İnsan orqanı heç bir halda satış predmeti ola bilməz.
  Bildiyim qədər ilə bizdə bu məsələ ilə bağlı bir neçə dəfə cinayət işi də açılıb. Azərbaycan qanunvericiliyinə görə, könüllü şəkildə kimsə öz orqanını ya sağlığında, ya da ölümündən sonra bağışlaya bilər. Adətən ailə üzvləri, birinci dərəcəli qohumlardan orqan köçürülür. Lakin qohum olmayan şəxslər də donor ola bilər, amma bu, alqı-satqı yox, xeyirxahlıq prinsipinə əsaslanır”.