Millət vəkilləri parlamentdə sənədsiz evlərdən danışdılar

“Camaat qız köçürüb, gəlin gətirib...”

"İnsanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur
"

  "Peşə ixtisaslarını təşviq etməliyik". Bunu Milli Məclisin dünənki iclasında “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib. Deputat bildirib ki, ölkədə bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz: “Biz ölkədə işsizlikdən danışırıq. Amma əsas problem vakant yerlərə ixtisasların uyğun gəlməməsidir”. Parlamentari qeyd edib ki, xaricdə təhsil proqramı çox effektiv layihədir: “Bu gün rəhbər vəzifədə oturan nazirlərimizin də çoxu bu proqramla oxuyublar. Bu çərçivə nə qədər genişlənsə, yaxşıdır”. Deputat Natiq Qasımovun adının əbədiləşdirilməsini təklif edib: “Azərbaycan cəmiyyətində son vaxtlar qəhrəman simvolu Natiq Qasımovun adı məşhurlaşıb. Onun haqqında film də çəkilib. Çox arzulayardım ki, onun adı əbədiləşdirilsin. Hesab edirəm ki, bu addım atılsa, bu gün dövlətimizin yürütdüyü milli siyasətə böyük töhfə vermiş olarıq. O, düşmənin qarşısında sınmayıb”.

"Veteranların 80 manatlıq müavinətinin artırılmasına əncam çəkilməlidir"

  Parlamentdə sənədsiz evlərlə bağlı problem də qaldırılıb. Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib: “Bu tapşırıq niyə yerinə yetirilmir? BMT qətnamə qəbul etməlidir?! Əksinə, onlar nə edirlər?! Vətəndaşı qeydiyyatdan çıxarırlar. Sənədsiz evlərdə yaşayan insanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur. Bu adam 30 il o evdə yaşayıb, qız köçürüb, gəlin gətirib. Ölkədə 1 milyon sənədsiz ev var. Bu problem həll edilməli, həmin evlər qeydiyyata alınmalıdır. Bu həm də büdcəyə əlavə pul deməkdir. Bələdiyyələr də bu zaman vergi yığa biləcək”.
  Siyavuş Novruzov müharibə veteranlarının təqaüdü məsələsinə də toxunub: “Müharibə veteranlarına 80 manat verilir. Müharibə veteranlarının 80 manatlıq müavinətinin artırılmasına əncam çəkilməlidir. Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır”.

"Sosial xərclər dövlət büdcəsində gələn il üçün artırılıb"

  Millət vəkili Musa Quliyev bildirib ki, gələn ilin dövlət büdcəsi əsas olaraq üç istiqamətdə formalaşıb: "İlk olaraq müdafiə və təhlükəsizlik sahəsinə dövlət büdcəsindən 25 faiz vəsait ayrılıb. Bundan başqa 3 il ərzində, yəni bu ilin sonuna kimi ümumilikdə 12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulub. Bu, olduqca böyük rəqəmdir. Sosial xərclər də dövlət büdcəsində gələn il üçün artırılıb. Belə ki, gələn ilin dövlət büdcəsindən 43faiz vəsait sosial xərclərə ayrılıb. Bundan başqa deyə bilərəm ki, xalqı narahat edən məsələlərdən olan inflyasiya da artıq tənzimlənmiş sistemdədir”.

"Hərbçilərin ixtisaslaşmış Reabilitasiya Mərkəzlərinə ehtiyac var"

  Deputat iclas zamanı bir neçə təklif də irəli sürüb: “Hərbi xidməti başa vurmuş hərbçilərin ixtisaslaşmış Reabilitasiya Mərkəzlərinə ehtiyac var. Onların psixoloji vəziyyətinin yaxşılaşdırılması və s. üçün bu vacibdir. Xahiş edərdim ki, dövlət qurumları bu təklifi diqqətdə saxlasınlar. Digər tərəfdən, özəl idman zallarında uşaqlar üçün müəyyən güzəştlərin olması vacibdir. Burada ən azı 50 faiz olaraq güzəşt edilərək, bu vəsait dövlət büdcəsindən ödənilə bilər”.

"Fərmanların icrası sənədsiz evlərin sayının azaldılmasına xidmət edəcək"

  Deputat Kamran Bayramov parlamentdə sənədsiz evlərdən danışıb. Kamran Bayramov xatırladıb ki, hazırda ölkə üzrə yüz minlərlə sənədsiz ev mövcuddur: "Hələ 2011-ci ilin mart ayında prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib və onun icrası istiqamətində müəyyən işlər də görülüb. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb, prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq Fərmanlara əsasən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Ötən ilin aprel ayında isə cənab Prezidentin imzaladığı Fərmanlara əsasən əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi nəzərdə tutulub. Bu fərmanların icrası, şübhəsiz ki, ölkədə sənədsiz evlərin sayının azaldılmasına xidmət edəcək. Eyni zamanda 2019-cu ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sənədsiz tikililərin inventarlaşdırılması həyata keçirilib və pandemiyanın başlandığı dövrədək ölkədə 240 minə yaxın sənədsiz ev və mənzil invertarlaşdırılıb. Lakin təəssüf ki, pandemiya ucbatından və digər səbəblərdən inventarlaşma prosesi ləngiyib".

"Azad edilmiş ərazilər üçün inkişaf strategiyası hazırlansın"

  Deputat Elşad Mirbəşiroğlu deyib ki, azad edilmiş ərazilər üçün inkişaf strategiyası hazırlanmalıdır: “2030-cu ilə qədər azad olunmuş ərazilərə 50-55 milyarda yaxın vəsaitin cəlb olunması gözlənilir. Amma bildiyiniz kimi, bu, dövlət büdcəsinin maliyyə xaricindədir. Ona görə də təklif edərdim ki, həmin ərazilərin ayrıca inkişaf strategiyası hazırlansın. Burada eyni zamanda kənardan da vəsaitlər cəlb olunmasına şərait yaradılmalıdır”.

"Bütün qurumlara İcbari Tibbi Sığorta Fondunun vəsaitlərinə çıxış üçün eyni şərait yaradılmır"

  Deputat Müşfiq Məmmədli deyib ki, çamaşırxana, qida və s. bölmələr tibb müəssisələri üzərində yükə çevrilib: "TƏBİB-in tabeliyində yaradılmış publik hüquqi şəxslər hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərir. Publik hüquqi şəxslər kimi çevik və korporativ idarəçilik formasına keçmədiyinə görə hələ də dotasiya ilə fəaliyyət göstərirlər. Publik hüquqi şəxslər şəklində fəaliyyət göstərən tibb müəssisələrində idarəetmə və qeyri-tibb işçilərinin həm sayının artması, həm də yüksək maaşlar verilməsi bu müəssisələrdə rentabelliyin aşağı düşməsinə səbəb olub. Bəzi hallarda idarəetmə personalının maaşının yüksək, lakin baş həkimlərin maaşlarının isə aşağı olması səmərəlilik prinsiplərinə uyğun gəlmir. Bu da narazılığa səbəb olur. Yaxşı ixtisaslı kadrlar maaşa görə özəl xəstəxanalara yönəlir. Səhiyyə idarəetməsi və tibbi xidmət standartlarının hazırlanmasında Səhiyyə Nazirliyinin payı artırılmalıdır. Bütün qurumlara İcbari Tibbi Sığorta Fonduna yığılan vəsaitlərə çıxış üçün eyni şərait yaradılmır, bəzən süni əngəllər yaradılır. Tibb müəssisələrinin akkreditasiyası inqilabi dəyişikliklərə səbəb olacaq. Gələn il müstəqillik dövrünün rekord səviyyədə səhiyyə büdcəsi gözlənilir”.

"Ermənistan diplomatik müharibə elan edib, lakin biz qalib gələcəyik"

  Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, cari ildən başlayaraq, xarici fəaliyyətin və bizim səfirliklərin saxlanılması prosesləri tamamilə dəyişdirilib. Deputat bildirib ki, bu, şərait yaradacaq ki, səfirliklərimiz yeni prinsiplərlə fəaliyyət göstərsin: “Bu gün darmadağın olmuş Ermənistan ordusu heç bir potensiala malik deyil. Amma Ermənistan bu gün bizə diplomatik müharibə elan edib. Biz bu müharibədə də qalib gələcəyik, çünki haqq bizim tərəfdədir. Bizim səfirliklərimizin təhlükəsizliyinin təmin edilməsi çox vacib məsələdir”. Deputat qeyd edib ki, bu gün Azərbaycan tək öz problemlərini həll etmir, həm də dünyanın problemlərini həll edir.