Ciddi problem var: Motosikletlərə ekstrim nəqliyyat növü kimi baxırlar -RƏY

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.                                                      
   "Report" xəbər verir ki, Mahir Verdixanovun idarə etdiyi motosikletlə Asim Babayevə məxsus "Volkswagen Touareg" avtomobili toqquşub.                                                                                     
  Motosikletin sürücüsü xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı cinayət işi başlanılıb. Son zamanlar motesiklet qəzalarının sayı artdığını görürük. Maraqalıdır, buna səbəb nədir?                                                                                                                   
Nəqliyyat eksperti İlqar Hüseynli “Sherg.az”a deyib ki, ölkəmizdə motosiklet idarəetməsi ilə bağlı çox ciddi problemlər var:

''Motosikletlərə ekstrim nəqliyyat növü kimi baxırlar. Kəndlilər motosikletlərdən daxili ehtiyaclarını ödəmək üçün istifadə edirlər. Həmçinin, bir növ kaskadyorluq imkanlarını nümayiş etdirirlər. Ona görə də tələsərək motosikletləri yüksək sürətlə idarə edirlər. Bəzi manevrlarda isə artıq qarşısı alınmayan nəqliyyat vasitəsi kimi qəzalar törədirlər. Qusarda baş verən qəza da bunun böyük təzahürüdür. Fikrimcə, burada sürücülük vəsiqəsi ilə bağlı böyük problemlər var. Əksər rayonlarda və kənd yerlərində motosiklet sürən şəxslərin çoxunun motosikl idarə etmək üçün icazəsi yoxdur. Bu da ciddi problem yaradır. Qeyd edim ki, qəzaya düşən gənclərin çoxu kuryerliklə məşğul olur. Lakin bilərəkdən yüksək sürətlə qəzaya səbəb olanlar da az deyil".