Fikrət Yusifov: BMT atmosferi çirkləndirən ölkələrə kvotalar müəyyən etməlidir

Azərbaycan COP29 çərçivəsində bütün səylərini ortaya qoyur

İqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə maliyyə vəsaitlərinin toplanması təşəbbüsləri yüksək qiymətləndirilməlidir

Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim konfransı çərçivəsində noyabrın 14-də yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi məsələlərinə dair yüksəksəviyyəli tədbir keçirilib. Dəyirmi masa formatında keçirilən tədbirdə COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol, Azərbaycan İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və digər rəsmi şəxslər iştirak ediblər.
İştirakçılar müəyyən edilmiş iqlim məqsədlərinə nail olmaq üçün qlobal maliyyə planının işlənib hazırlanmasının davamlı əhəmiyyətini vurğulayıb, həmçinin sözlərlə əməllər arasındakı uçurumu aradan qaldırmağa çağırıblar. Onlar iqlim dəyişikliyinin nəticələri ilə bağlı postsənaye dövlətlərinin narahatedici amillərdən əziyyət çəkən ən yoxsul ölkələr qarşısında məsuliyyətini bir daha xatırladıblar.
Multimedia təqdimatları keçirən azərbaycanlı panel iştirakçıları Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçirilən ekoloji proqramlardan danışaraq, diqqəti məsələnin maliyyə tərəfinə yönəldiblər.

Mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov  deyib ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə maliyyə vəsaitlərinin toplanması təşəbbüsləri yüksək qiymətləndirilməlidir:

  “Azərbaycan COP29 çərçivəsində bu istiqamətdə işlərin gerçəkləşdirilməsi üçün öz səylərini ortaya qoyur. Lakin iqlim maliyyəsi üzrə fondun yaradılması məsuliyyəti təşəbbüs göstərən tərəfin üzərində qala bilməz. Bu məsuliyyət dünyada sənayenin daha yüksək inkişaf etdiyi və atmosferə daha çox zəhərli maddələrin tullanmasına səbəb olan ölkələrin və bu ölkələrin iri Korporasiyalarının məsuliyyətidi. Düşünmürəm ki, inkişaf etmiş ölkələr könüllülük prinsiplərinə söykənərək iqlim maliyyəsi fonduna  bir trliyon dollar vəsaitin yığılmasını həvəslə təmin edəcəklər. Onlar  iqlim maliyyəsi fondunun yaradılması təşəbbüsünə həvəslə qoşulsalar da bu məqsədə böyük həcmdə vəsaitlərin  ayrılmasında o qədər də həvəsli olmayacaqlar. Bunun əsas səbəbi isə həmin ölkələrin hakimiyyətləri tərəfindən bəşəriyyətin üz-üzə qaldığı iqlim fəlakətinin miqyasının tam dərk edilməməməsidi.  Hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı atmosferi zəhərli maddələrlə çirkləndirən ölkələr üzrə çirkləndirmənin səviyyəsinə uyğun kvotalar müəyyən etməlidi. Və yalnız bu halda hər bir inkişaf etmiş ölkə öz məsuliyyətini dərk edib, iqlim maliyyəsinin formalaşmasında iştirak edəcəkdir”.