İsrail- Fələstin toqquşmasında üçüncü qüvvələrin “barmaq izləri"... - "Ocaq körüklənir"!

“Rəsmi Tehran baş verənlərdə bilavasitə iştirakçıdır” 

“1978-ci ildəki İslam inqilabından sonra İranın xarici siyasətində iki əsas məsələ var idi”

“Bunlardan biri məhz Fələstin məsələsində siyasi divident qazanmaq olub”

"Əgər Hizbullahın nəzarəti altında olan Livandan İsrailə raket zərbəsi endirilirsə, o zaman İranın proseslərdə dolayısı olsa belə iştirak etmədiyini deyə bilmərik"


İsraillə Fələstin arasındakı gərginlik davam edir. Livandan İsrailə üç raket atılıb. Məlumata görə, raketlər Aralıq dənizinə düşüb, hücum nəticəsində xəsarət alan olmayıb.
 Həmçinin bu günlərdə İsrail Hərbi Hava Qüvvələrinin HƏMAS Daxili Təhlükəsizlik Xidmətinin əsas əməliyyat qərargahının yerləşdiyi binaya hücum etdiyi barədə xəbər yayılıb.  
 Bəzi yerli və əcnəbi ekspertlərin fikrincə, Yaxın Şərqdə baş verən proseslər bizim regionumuz üçün də ciddi təhlükədir.

 Yaxın Şərq üzrə siyasi şərhçi Vüqar Zifəroğlu da bu fikirdədir. O, “Sherg.az”a açıqlamasında İsrail və Fələstin arasındakı savaşı belə şərh etdi: 

“Sözegedən müharibə yalnız konkret bir regiona təsir etməyəcək qədər ciddidir. Hərbi əməliyyatların miqyası böyüyəcəyi təqdirdə ancaq Cənubi Qafqaza deyil, digər regionlara da təhlükə yarana bilər.

Təəssüf ki, Yaxın Şərqdə maraqlı olan üçüncü qüvvələr bunu bildikləri halda Fələstin- İsrail toqquşmasından öz xeyirlərinə istifadə edirlər. İndiki gedişat, o cümlədən bəzi Qərb və Yaxın Şərq ölkələrinin məsələyə münasibəti də bunu göstərir. Hər iki tərəfdən yüzlərlə günahsızın qanı üzərində siyasət quran tərəflər var”.

 Analitikin fikrincə, rəsmi Tehran baş verənlərdə bilavasitə iştirakçıdır: 

“1978-ci ildəki İslam inqilabından sonra İranın xarici siyasətində iki əsas məsələ var idi. Bunlardan biri məhz Fələstin məsələsində siyasi divident qazanmaq olub. Əgər Hizbullahın nəzarəti altında olan Livandan İsrailə raket zərbəsi endirilirsə, o zaman İranın proseslərdə dolayısı olsa belə iştirak etmədiyini deyə bilmərik.”.

 V.Zifəroğlunun fikrincə, indiki məqamda ən optimal variant təxribatlara getməməkdir: 

“Bir neçə gündür hər iki tərəfdən müsbət mesajlar var idi. Lakin birdən-birə Livandan İsrailə ard-arda raketlərin atılması “suların bulandığını” göstərir. Deməli, proseslərin daha dinc məcraya keçməsini istəməyənlər var. Ona görə də İsrail və Fələstin qətiyyət göstərərək qarşılıqlı güzəştə getməli və problemi birdəfəlik həll etməlidir.

Hər halda konfikt bir neçə onillikdir ki, davam edir. Hər iki tərəf əziyyət çəkir. Qazanan isə münaqişənin alovlanmasında maraqlı olan tərəflərdir”.