Rəsmi Bakının İsrail -Fələstin müharibəsində mövqeyi: “Bir cümlə ilə...”

"... ifadə edilməsinə ehtiyac var: “Azərbaycan Yaxın Şərqdə gərginliyin azalmasının, məsələlərin danışıqlar yolu ilə həllinin, o cümlədən BMT qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır”



İsrail ilə Fələstin arasında davam edən müharibə Azərbaycan üçün çətin vəziyyət yaradıb. Biz bu barədə hələ ki, konkret bəyanat səsləndirməmişik. Çünki məsələ o qədər də asan deyil. Necə deyərlər, yuxarı bağsan bığ, aşağı baxsan saqqal...
 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu barədə “Sherg.az”a danışdı:

 “İsraillə Fələstin arasında artan gərginlik Azərbaycan üçün çətin vəziyyət yaradıb. Azərbaycan İslam dünyasının tərkib hissəsi kimi Fələstinin müstəqilliyini, o cümlədən bununla bağlı BMT qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir. Bunu Azərbaycanın imzaladığı müxtəlif beynəlxalq sənədlər də göstərir. Ancaq Azərbaycanın İsraillə də sıx əlaqələri var. İsrail neftə olan tələbatının təxminən 40 faizini Ceyhan limanı üzərindən Azərbaycandan alır.

Digər tərəfdən,  Azərbaycan İsraildən ən modern silahlar alır. Bu silahların Azərbaycan ordusunun 44 günlük müharibə zamanı uğurlarında payı oldu.  Türkiyə İsrailin Qəzza bölgəsini bombardman etməsini və bu zaman mülki insanların qətlə yetirilməsini qınadı.

Ankara bununla kifayətlənməyərək müsəlman ölkələrini İsrailə qarşı vahid cəbhədən çıxış etməyi təklif etdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlüd Çavuşoğlu müsəlman ölkələrindəki həmkarlarıyla telefonla əlaqə qurdular və Yaxın Şərqdə yaranan ağır durumu müzakirə etdilər. Türkiyə Osmanlı dövründə hazırkı gərginlik ocağı olan torpaqlara sahib olub.

Ona görə də Türkiyə həmin torpaqlarda baş verənlərə həssas yanaşır, məscidə hücumu və bombardmanları sərt qınayır, İsrailə qarşı vahid blok formalaşdırmağa çalışır. Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğundan Ankaranın xarici siyasətdəki təşəbbüslərini dəstəkləyir.

Məsələn, Yunanıstan Aralıq dənizində Türkiyə əleyhinə hərəkətlər etdikdə, prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunan səfirinə açıq demişdi: “Biz bu məsələdə Türkiyənin yanındayıq”. Rəsmi Bakının Afinadan fərqli olaraq narazılığı da var idi. Afina keçmiş illərdə vədinə xilaf çıxaraq Dövlət Neft Şirkətinin Yunanıstanın qaz paylayıcı şirkətinin səhmlərini almasını əngəlləmişdi».

E. Şahinoğlu, həmçinin dedi ki, Yaxın Şərqdə baş verən proseslər bir sıra digər məqamlara da təsir edəcək:

“Azərbaycanın İsraillə münasibətlərində durum fərqlidir. Bu dövlət Yunanıstandan fərqli olaraq,  Azərbaycan əleyhinə addım atmayıb. Ermənistan uzun illər çalışdı ki, İsrail Azərbaycana dəstəkdən imtina etsin, alınmadı.  Ermənistanın bu məqsədlə İsraildə açdığı səfirlik də “aravurma fəaliyyətində” uğur qazanmadı. Ermənistan İsrailin Azərbaycana satdığı müasir silahlara yiyələnmək istədikdə Tel-Əviv İrəvana “yox” cavabı verdi. Ankarada Azərbaycan-İsrail münasibətlərini nəzərə alırlar.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan praqmatik siyasətçidir və Azərbaycandan İsraillə münasibətləri yenidən baxmağı tələb etməyəcək. Digər tərəfdən, Türkiyənin özü də İsraillə siyasi münasibətlərin gərginliyinə baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələrdən imtina etməyib, əksinə artım var. Azərbaycan nefti də İsrailə Türkiyənin limanı vasitəsilə satılır. Rəsmi Bakı son zamanlar İsraillə bağlı iki istiqamətdə təşəbbüslər həyata keçirmək istədi. Birincisi, Türkiyə-İsrail gərginliyi Azərbaycanın maraqlarına cavab vermədiyindən rəsmi Bakı iki dövlət arasında vasitəçi ola biləcəyinə eyham vurdu. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, rəsmi Bakı dost dövlət olan İsraillə qardaş və müttəfiq dövlət olan Türkiyə arasından münasibətlərin nizamlanmasını istəyir.  İkincisi, rəsmi Bakı uzun illərdən sonra İsraildə səfirlik açmağa qərar verdi. Bunu tədricən həyata keçirmək planı işə düşdü. Rəsmi Bakı birinci addım kimi Azərbaycanın İsraildə turizm və ticarət büroları açılmasını təmin etdi.  İsrail xarici işlər naziri Qabi Aşkenazi aprelin 28-də Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın onlayn iclasından sonra “Twitter” hesabında belə yazdı: 
“Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir. Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır”. Son hadisələr fonunda Türkiyənin İsraillə mümkün siyasi dialoqu təxirə salındı. Deməli, indiki ağır şərtlər altında Bakının vasitəçiliyinə ehtiyac yoxdur. Aranın sakitləşməsini gözləmək lazım gələcək. Azərbaycanın İsraildə səfirlik açılması prosesinin sürəti də azalacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin son hadisələrlə bağlı mümkün reaksiyasına gəldikdə isə bunun bir cümlə ilə ifadə edilməsinə ehtiyac var: “Azərbaycan Yaxın Şərqdə gərginliyin azalmasının, məsələlərin danışıqlar yolu ilə həllinin, o cümlədən BMT qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır”.