Pentaqon iyirmi dövlətdə hərbi obyektlər tikəcək:“Rusiya ilə gərginlik...”

Pentaqon 20 dövlətdə hərbi obyektlər tikəcək. ABŞ-ın Ordu Mühəndislər Korpusu Yaxın Şərq və Orta Asiyanın 20 ölkəsində hərbi obyektlərin inşası layihəsini həyata keçirəcək. Müvafiq təşəbbüs 240 milyon dollar dəyərində qiymətləndirilir. Hava limanları, lazımi infrastruktur, magistral yollar, limanlar, xəstəxanalar, istehsal müəssisələri, elektrik stansiyaları və su təchizatı şəbəkələri daxil olmaqla hərbi obyektlərin strukturunun dizayn edilməsi podratçılara həvalə edilib.


Layihə, həmçinin bütün növ təyyarələr üçün uçuş-eniş zolaqları, taksi yolları və sair inzibati binaların inşasını əhatə edir. Pentaqon Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan kimi bölgələri yeni obyektlərin inşası üçün ərazilər olaraq təyin edib.

 Politoloq İlqar Vəlizadə bu barədə fikirlərini “Sherg.az”la bölüşüb. Onun qənaətinə görə, sözügedən təşəbbüs ağlabatan deyil:

 “Həmin ölkələrdə ABŞ-ın hərbi bazasının yaradılması reallıqdan çox, ehtimaldır. Hər şeydən əvvəl ona görə ki, hələ ortada konkret qərar və sözügedən ölkələrin razılığı yoxdur. İkinci bir tərəfdən isə, Özbəkistanda vaxtı ilə belə hərbi infrastuktur var idi, sonradan bağlandı. Həm də Özbəkistanın hərbi doktorinası burada kənar dövlətin hərbi bazasının yaradılmasına icazə vermir. Deməli, hərbi obyektin tikilməsi üçün ən azı həmin sənəd dəyişilməlidir. KTMT ölkələrində isə indiyədək hərbi baza yox idi. Fikrimcə, bundan sonra da buna ehtiyac yaranmayacaq”.

İ.Vəlizadənin fikrincə, Rusiya amilini də nəzərə almaq lazımdır:

“Bildiyiniz kimi, Tacikistanda Əfqanıstanla sərhəddi ruslar qoruyurlar. Orada ABŞ hərbi bazasının yaradılması Rusiya ilə hərbi-siyasi gərginliyə səbəb olacaq. Hazırda Tacikistan üçün prioritet məqam sərhədlərin qorunmasıdır. Ona əlavə “baş ağrısı” lazım deyil. Deməli, ABŞ-la sözügedən iyirmi ölkə arasında hansısa formada əməkdaşlıq ola bilər. Lakin istənilən halda hərbi infrastukturun yaradılacağına inanmıram”.