İsraillə Fələstin arasında “sular durulur”? - “Sabitlik üçün bircə yol var”

“Fələstin xalqının həmin ərazidə dövlət qurmaq hüququnun tanınması. Hərçənd bu da indiki halda real görünmür”



Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs mayın 21-də qüvvəyə minə bilər. Bu barədə “The Wall Street Journal” amerikalı və xarici mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, Misir hakimiyyəti HƏMAS ilə danışıqlarda irəliləyiş əldə edib. Eyni zamanda, qeyd edilir ki,Yəhudi dövlətinin səlahiyyətliləri İsrail hərbi rəhbərliyinin nümayəndələri ilə şəxsi söhbətlərində “hədəflərinə çatmağa yaxınlaşdıqlarını” etiraf edirlər. ABŞ prezidenti Co Bayden rəhbərliyi də atəşkəsin bu həftə qüvvəyə minəcəyi qənaətindədir. Bəzi ekspertlər isə proseslərin fərqli ssenarilə inkişaf edəcəyini düşünürlər.

ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmovun sözlərinə görə, “suların durulması” asan məsələ deyil: 

“Problemin kökündə iki toplumun eyni ərazidə dövlət qurmaq iddiası dayanır. Birdəfəlik həllə inanmıram. Hətta atəşkəs imzalansa da, münaqişə davam edəcək. Çünki bu, artıq İsrail-Fələstin yox, onların arxasında dayanan beynəlxalq güclərin mübarizəsidir. Əlbəttə, biz qan tökülməsini istəmirik. Amma reallıq ondan ibarətdir ki, konkret sülh sazişi inandırıcı deyil. Sabitliyin yaranmasının bircə yolu var: Fələstin xalqının həmin ərazidə dövlət qurmaq hüququnun tanınması. Hərçənd bu da indiki halda real görünmür”.

H.Rüstəmovun fikrincə, Azərbaycanın işi xeyli çətindir: 

“Rəsmi Bakı üçün çox mürəkkəb situasiya yaranıb. Biz öz müqəddaratını təmin etmək hüququna malik Fələstin xalqını dəstəkləməliyik. Lakin digər məqamları, o cümlədən Fələstinin haqq savaşımıza münasibətini, İsraillə strateji müttəfiqliyimizi də unutmaq olmaz. Yəni qərar verilərkən çoxtərəfli faktorlar nəzərə alınmalıdır. Qənaətimə görə, Azərbaycanın indiyəqədərki praqmatik siyasəti davam etməlidir”.