“İsrail -Fələstin münaqişəsinə son qoyula bilər”

"Vəziyyət BMT-nin nəzarətindədir"


 “May ayının əvvəllərindən İsrail və Fələstin arasında alovlanan münaqişə çox sayda insanların canını aldı. Hər iki tərəfdən xeyli sayda yaralılar və dağıntılar var”. 

Bu sözləri “Vəhdət” partiyasının sədr müavini, politoloq Vasif Əfəndi deyib. O, tərəflər arasındakı hərbi əməliyyatlar barədə daha ətraflı “Sherg.az”a danışdı: 


“Dünən ABŞ prezidenti Co Baydenin İsrail Baş naziri Netenyahu ilə telefon danışığından  sonra İsrail birtərəfli qaydada  atəşi dayandırmaq barədə qərar qəbul etdi. İstənilən atəşkəs və sülh cəhdləri təqdirolunandır. Ən  azından ona görə ki, insan tələfatının qarşısını almağa xidmət edir. İsrail-Fələstin münasibətlərinin normallaşması üçün bütün imkanların olduğu halda radikal dini qruplaşmalar və İrandəstəkli qüvvələr davamlı sülhün yaranmasına qarşı çıxış edərək intensiv olaraq təxribatlar törətməklə məşğuldurlar. Hazırkı şəraitdə isə “Həmas” hərbi qruplaşmasının İsrailin dinc şəhərlərini raket atəşinə tutması ilə yadda qaldı”.

V.Əfəndinin sözlərinə görə, müharibə çox çəkməyəcək: 

“İsraildə 8 milyon əhalinin təxminən dördə biri qədər fələstinli yaşayır. İsraildə rəsmi olaraq ərəb dili ikinci dövlət dilidir. Ərəblər yəhudilərin  yararlandıqları bütün sosial  imkanlardan istifadə edirlər. Pulsuz müalicə, yüksək təqaüd təminatı, ana dilində təhsil və parlamentdə təmsilçilik hüququna malikdirlər. Ərəb ölkələrində yaşayan ərəblərin arzu etmədikləri hüququ və azadlıqlara malikdirlər.

Hesab edirəm ki, kənar müdaxilələr olmasa, tez bir zamanda Fələstin münaqişəsinə son qoyula bilər. Münaqişənin həlli üçün kifayət qədər hüquqi baza var və vəziyyət BMT-nin nəzarəti altındadır.

Münaqişə ilə bağlı Azərbaycanın rəsmi mövqeyi beynəlxalq hüquqa söykənir və bu münasibət heç bir halda İsraillə münasibətlərimizin korlanmasına gətirib çıxarmayacaq.

İlk növbədə ona görə ki, İsrail hakimiyyəti Azərbaycanın beynəlxalq siyasətdə rolunu bilir və gərəyi olduğunda da dəstəyini əsirgəmir”.