“Fukusima-1” AES-də radioaktiv tullantılar yığılmış konteynerlər yoxlanılacaq

Yaponiyalı mütəxəssislər içərisinə radioaktiv tullantılar yığılmış 5 mindən çox konteyneri yoxlayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı bazar günü məlumat yayıb. Bildirilir ki, təftişə səbəb martda konteynerlərdən birində baş verən radioaktiv jelatinli sızma olub. Onun korroziya nəticəsində meydana gəldiyi güman edilir.

Qeyd edilir ki, yoxlama iyunun sonlarınadək davam edəcək. Bununla yanaşı, “Tokyo Electric Power Co.” (TEPCO) şirkətinin mütəxəssisləri iyuldan dekabradək ərazidə yerləşən içərisinə radioaktiv tullantılar yığılmış konteynerləri bir-bir yoxlayacaqlar. Bildirilir ki, onlardan bəzilərinin içərisində hansı maddənin olduğu məlum deyil.

Xatırladaq ki, 2011-ci ilin martında baş verən güclü zəlzələdən sonra yaranan sunami nəticəsində “Fukusima-1” AES-də enerji təminatı və soyuducu sistem sıradan çıxıb. Nəticədə üç reaktorda nüvə yanacağının əriməsi və hidrogen partlayışı baş verib. Geniş ərazidə baş verən radioaktiv yoluxma səbəbindən 165 minədək insan təxliyə edilib. Hazırda bu rayonun böyük hissəsi radiasiyadan təmizlənib və əhalinin əksəriyyəti geriyə qayıdıb.

Hazırda AES-də ləğvetmə işləri aparılır. Stansiyanın tamamilə sökülməsi üçün isə təqribən 40 il vaxt lazım olduğu bildirilir.