İranda terror aktı törədənlərdən biri Tacikistan vətəndaşı olub

General Qasım Süleymaninin dəfn olunduğu Kirman şəhərindəki qəbiristanlıq yaxınlığında partlayış törədən iki kamikadzedən birinin Tacikistan vətəndaşı olduğu üzə çıxıb.

Trend-in məlumatına görə, bu barədə İran Kəşfiyyat Nazirliyi bildirib.

Nazirlikdən verilən məlumata əsasən, ikinci terrorçunun kimliyi ilə bağlı əlavə araşdırmalar aparılır.

Bundan əvvəl terror aktı ilə bağlı şübhəli bilinən 11 nəfər İslam Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumat verilib.

Qeyd edək ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib. Partlayışlar nəticəsində 84 nəfər həlak olub.

Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.