Polşada "Sülh yürüşü" 

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycanlılar ölkəmizin sülhpərvər mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdılar

  Azərbaycan dövlətinin Qarabağda keçirdiyi antiterror əməliyyatından sonrakı proseslər Ermənistan siyasi hakimiyyətini və erməni lobbisini daha da azğınlaşdırıb. Erməni separatçılarının tərkislah olmasını, əli qana batan cinayətkar dəstə üzvlərinin həbs olunaraq Bakıya gətirilməsini həzm edə bilməyən Ermənistan ordusu Azərbaycan sərhədlərində təxribatlar törədir, xaricdəki havadarlarına arxalanan erməni lobbisi də daim sülh çağırışı edən Azərbaycanı haqsız yerə günahlandırmağa səy göstərib öz çirkin əməllərini bizim adımızla hallandırırlar.
  Riyakarlığı, yalanları ilə sərhəd tanımayan erməni icmaları ciddi-cəhdlə Qarabağda separatçıların tərksilah olunması və Qarabağda sülhün bərqərar olması istiqamətində görülən işlərə kölgə salmağa çalışır. Belə ki, xaricdəki erməni icmaları ötən həftədən başlayaraq Avropanın bir çox şəhərlərində, ölkəmizə və xalqımıza yönəlmiş böhtan xarakterli təbliğat aparır, küçələrdə yürüş keçirirlər. Azərbaycanı işğalçı ölkə kimi tanıtmaq məqsədilə təşkil edilən yürüşlərdən biri də Polşada baş tutub. Saxta şüarlarla Varşava ictimaiyyətinə yalan məlumatlar və əsassız faktlar nümayiş etdiriblər.
Buna cavab olaraq 8 oktyabr tarixində Varşavanın “Plac Zamkowy” ünvanında Polşada yaşayan azərbaycanlıların "Sülh yürüşü" keçirilib.
Heç şübhəsiz, torpaqlarımız separatçılardan təmizlənib, şərti sərhəddəki erməni təxribatlarının qarşısı da şanlı ordumuz tərəfindən alınır. Eyni zamanda siyasi müstəvidə də diplomatlarımız tərəfindən yetərli cavab verilir. Diasporun ümdə vəzifəsi də Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bu istiqamətdə görülən işlərdən biri də Polşada baş tutan “Sülh yürüşü” nümunəsidir.
  Qeyd edək ki, Polşa azərbaycanlıları Şurası və Polşa azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 12.00-dan 13.30-dək baş tutan aksiya Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun şəkildə Qarabağda sülh naminə atdığı addımların, Qarabağ münaqişəsinin başlandığı gündən indiyədək nümayiş etdirdiyi sülhpərvər mövqeyini polyak və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə gerçəkləşdirilib.
  Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan aksiya zamanı polyak və ingilis dillərində “Qarabağ Azərbaycandır!”, “Biz beynəlxalq ictimaiyyətdən qərəzsizlik tələb edirik!”, “Anti-Azərbaycan kampaniyasına son qoyulsun!”, “Ədaləti dəstəkləyin, nifrəti yox!”, “Biz Ermənistanı qarşıdurmaya deyil, danışığa çağırırıq!”, “Biz Ermənistana sülh qapılarını açırıq!”, “Erməni separatizminə və ikili standartlara son qoyulsun!”, “Mina terrorunu dayandırın!”, “Ermənistanın mina terrorunun qurbanı olan azərbaycanlıları unutmayın!”, “Dünya erməni terroruna susur!”, "Biz manipulyasiya ilə deyil, faktlarla danışırıq!” və sair şüarlarının əks edildiyi plakatlar, bannerlər nümayiş etdirilib və səsləndirilib.
Polşa azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli “Sherg.az"a açıqlamasında deyib ki, Şura tərəfindən təşkil olunan yürüşün məqsədi Azərbaycanın Qarabağda sülh naminə atdığı addımları təbliğ etmək, münaqişənin başladığı gündən bu günə qədər göstərdiyi sülhyönümlü mövqeyini Polşa və dünya ictimaiyyətinə çatdırmaq olub:
“8 oktyabrda Polşada keçirilən "Sülh yürüşü" gözlədiyimizdən daha da izdihamlı keçdi. Bu, ənənəvi aksiyalardan fərqli bir tədbir oldu. Ən əsası isə hər zaman işğala məruz qaldığını dünyaya inandırmağa çalışan ölkəmiz artıq bu gün ərazi bütövlüyünü bərpa edib. Öz ərazisində yaşayan etnik xalqların da təhlükəsizliyinə təminat verir. Yürüşdə də məhz bu mövzuda çıxışlar oldu.
  “Sigizmund Sütunu” abidəsinin önündə çıxış edən Polşa azərbaycanlıları Koordinasiya Şurasının üzvləri və digər soydaşlarımız Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını, İkinci Qarabağ savaşından sonra Ermənistan tərəfindən ölkəmizin işğaldan azad edilmiş ərazilərində hərbi təxribatları və mina terrorunu davam etdirdiyini faktlarla Varşava sakinlərinin diqqətinə çatdırıblar. Sülhsevər və multikultural Azərbaycan dövlətinin Qarabağdakı erməni əhalisinə qarşı heç bir etnik təmizləmə aparmadığı, bütün digər etnik azlıqlar kimi ermənilərə də Azərbaycan vətəndaşlığını qəbul etməyi, bərabərhüquqlu vətəndaşlar kimi sülh, barış və rifah içində birgə yaşamağı təklif etdiyi xüsusilə vurğulanıb.
  Çıxışlarda beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmağa, Ermənistan hökumətinə təzyiq göstərərək Azərbaycana mina xəritələrini təqdim etməyə və Azərbaycanda davamlı sülh və sabitliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çağırış edildi.
  Polşadakı soydaşlarımız bu yürüşlə beynəlxalq aləmə öz haqq səsimizi çatdırmaqla yanaşı, böyük birlik nümayiş etdirdilər. Xatırladım ki, bizdən bir müddət əvvəl ermənilər də Polşada yürüş etmişdilər. Onların yürüşü hər zamankı kimi təxribat xarakterli idi. Baxın, bizim şüarların hamısı sülh əldə olunması və erməni terrorizminin qarşısının alınması ilə bağlı idi. Ermənilərin şüarları isə separatçılıq çağırışına əsaslanıb. Bu da hətta yeri polyaklar tərəfindən ermənilərə "Siz terroristsiz" deyə etirazla qarşılanıb”.