Əsrə bərabər 20 il...

"Yeni əsrin liderlərindən olan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il keçir". 

"Sherg.az" xəbər verir ki, bunu ötən iyirmi ilin mənzərəsini şərh edən millət vəkili Adil Əliyev deyib. 

Deputat öncə 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçilməsini xatırladıb. Onun fikrincə bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlayıb: 

"Hazırda dayandığımız nöqtəyə nəzər salsaq, görərik ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlar qazanmış, dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsindəki qəti qələbəmiz və son anti-terror tədbirləri nəticəsində erməni separatçılarının tam tərk-silah edilməsi, onların nəzarətində olan Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd şəhərlərinin azad edilməsi və əli Azərbaycan xalqının qanına batmış terrorçu liderlərin həbs olunaraq Bakıya gətirilməsi dayanır. Mübaliğəsiz demək olar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni geostrateji reallıqlar yarandı. Bu gün dövlət başçısının rəhbərliyində ölkəmizdə genişmiqyaslı işlər görülür, bütün məsələlərin əsasında Azərbaycan xalqının rifahı dayanır. Xalqımız da ölkə başçısının "Biz birlikdə güclüyük!" şüarı altında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib, ölkəmizin inkişafına və qüdrətlənməsinə öz töhfəsini verir".