“Konqresdən F-16-larla bağlı qərar çıxmadan TBMM-dən İsveçlə bağlı müsbət qərarın çıxmaması daha məqsədəuyğundur”
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Fidan amerikalı həmkarına dekabrın 26-da TBMM-nin Beynəlxalq Əlaqələr Komissiyası tərəfindən İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi barədə məlumat verib. Bununla yanaşı, Vaşinqtonun Ankaraya F-16 qırıcılarının satışı məsələsi müzakirə olunub. Türkiyəli nazir F-16-ların tezliklə satışına ümid etdiyini bildirib. Məlumat üçün bildirək ki, Türkiyə illər öncə F16-dan daha üstün olan F35 qırıcılarının pulunu ABŞ-yə ödəsə də, Vaşinqton müxtəlif bəhanələrlə hərbi təyyarələri Ankaraya verməkdən imtina edib. Son olaraq Ağ Ev Türkiyə qarşısında İsveçin NATO-ya üzvülüyünə "yaşıl işıq" yandırması şərtini qoyaraq ödənilən vəsaitin əvəzinə F16 qırıcılarının veriləcəyini söyləyib.
Məsələni "Sherg.az"a dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib ki, Türkiyə hərbi hava qüvvələrinin mövcud inventarındakı qırıcılara görə NATO-da ABŞ-dən sonra ikincidir. Ekspertin sözlərinə görə, Türkiyə öz hərbi təyyarə arsenalını F-35 qırıcıları ilə daha zənginləşdirəcəkdi: "Ancaq ABŞ Türkiyəyə tətbiq etdiyi embarqo çərçivəsində pulu ödənmiş F35 qırıcılarını verməkdən imtina etdi. Məsələ bundan ibarətdir. Digər mühüm məqam odur ki, Türkiyə hazırda öz milli hərbi təyyarələrini - "KAAN"-nı hazırlamaqla məşğuldur. Milli "KAAN" təyyarəsi təxminən 2028-ci ildə Türkiyə Silahlı Qüvvələrinin silah arsenalına daxil olacaq. Həmin vaxta kimi mövcud təyyarələrin yenilənməsi, texnoloji baxımdan təkmilləşdirilməsi zərurəti ortaya çıxır. Bunun üçün əlimizdəki F-16 qırıcıları modernləşməlidir. Lakin ABŞ Konqresi bəhanə edərək, dolayı yolla İsveç şərtini qoşaraq Türkiyənin başını qatmaqla məşğuldur. TBMM-nin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədi. Ancaq sənəd TBMM-də ratifikasiya olunmalıdır".
Y.Karaüz xarici işlər naziri Hakan Fidanın dövlət katibi A.Blinkenlə telefon danışığı və qeyd olunan məsələlərin müzakirəsinin önəmli olduğunu söyləyib: "Amma keçmişdə müttəfiqlərimizin bizə söz verib, sonra sözlərini tutmaması halları çox olub. Ona görə də Konqresdən F-16-larla bağlı qərar çıxmadan TBMM-dən İsveçlə bağlı müsbət qərarın çıxmaması daha məqsədəuyğundur. Çünki bizim qərarımızdan sonra ABŞ fərqli mövqe sərgiləyə, sözündən geri dura bilər. Vaşinqton etibarlı müttəfiq deyil".