Zəhramın faciəvi ölümünün ikinci səbəbi onun motosikl sürməsi idi - Fərhad Mehdiyev

"Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq"

İctimai xadim, vəkil, hüquqşünas Fərhad Mehdiyevin gənc övladının avtomobil qəzasında həlak olması çox üzücü xəbərdir. Motosiklet idarə edən 17 yaşlı Zəhra Bakı-Sumqayıt şossesində Mersedes markalı avtomobillə toqquşub. Sosial şəbəkələrdə Fərhad müəllimə təsəlli verəcək söz, ifadəni tapmağın mümkünsüz olduğunu yazır ziyalılar, media mənsubları, sadə vətəndaşlar. Elə bir vəziyyətdə qınayıcı ifadələr işlətmək “niyə motosiklet?” deyə valideynləri günahlandırmaq insanlıqdan kənar olmaq deməkdir.

Balasını itirmiş, bala faciəsi yaşayan ata özünü qınayır, özünü günahkar bilir zatən. O, bu barədə sosial şəbəkədə yazıb. Fərhad Mehdiyevin son cümləsi insanlığa çağırışdır:

“Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik”. Bəli. Sevdiklərimizə, sevməli olduqlarımıza bunu anlatmaq üçün gec qalmamalıyıq. Bununla bərabər cüt - paralel şəkildə onları qorumağı da bacarmalıyıq.  

Fərhad Mehdiyevin bu çağırışını dinləmək çoxumuzu sevgi, mərhəmət və zamanı düzgün qiymətləndirmək yoluna döndərə bilər:  

“Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. 

Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı. 

Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq. 

Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır. 

Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk. 

Bu yazının altında "Allah rəhmət eləsin" də yazmayın. O deyil. 

Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik. 

Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək. Bu ağrını çatdırmaq çox çətindir; xahiş edirəm mənə heç nə yazmayın”.