Gürcüstan bazarı "öldü": Xaricdən gələn avtomobillər Azərbaycanda 90 gün  qala biləcək


Ölkəyə giriş edən avtomobillərin şassi nömrələri elektron sistemə oturdulacaq


Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin müvəqqəti ölkəyə gətirilməsinə nəzarət tədbirlərini gücləndirib.

Komitədən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan nəqliyyat vasitəsi hər hansı təminat üsulu tətbiq edilmədən Azərbaycan Respublikasında 90 gün müddətində qala bilər. Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir.

 Gömrük orqanları tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, son dövrlərdə Azərbaycan Respublikasında yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvi xarakter alıb. Qanunvericiliklə müəyyən olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələri onları gətirən şəxslər tərəfindən ölkə ərazisindən geri aparılır və qısa zaman ərzində yenidən 90 gün müddətinə ölkə ərazisinə müvəqqəti olaraq gətirilir.

 Məsələ ilə bağlı müvafiq araşdırmalar onu göstərir ki, qanunvericiliklə nəzərdə tutulan bu güzəştdən sui-istifadə hallarına yol verilərək, əsasən gömrük ödənişlərini ödəməmək, həmçinin avro 4 ekoloji standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etmədən ölkə ərazisində idarə edilməsi, xüsusilə də qeyri-qanuni sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün istifadə olunur.
 
Üstəlik, müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötüb, texniki göstəricilərə görə qənaətbəxş deyil və bu qəbildən olan avtonəqliyyat vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol qəzalarının artmasında da potensial təhlükə yaradırlar.

 Gömrük orqanları da yuxarıda sadalanan amilləri nəzərə alaraq gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib”.
Qeyd edək ki, DGK-nın qeyd etdiyi avtomobillər Azərbaycana daha çox qonşu Gürcüstandan gətirilir.

 İqtisadçı Fuad İbrihimov “Şərq”ə açıqlamasında bildirdi ki, gömrük rüsumunu ödəməkdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini 90 günün tamamında ölkədən çıxarıb, qısa müddət sonra təkrar daha bir 90 günə ölkəyə daxil edən şəxslər əsasən kiçik ticarətlə, taksi fəaliyyətilə məşğul olanlardır. Onlar şəxsi istifadə üçün Gürcüstanda ucuz maşınlar alır, Azərbaycana keçirirlər.

Bu maşınlardan gəlir mənbəyi kimi istifadə edirlər. Xarici ölkə vətəndaşı olduqları üçün belə şəxslər qanuna müvafiq olaraq gömrük rüsumu ödəməkdən azaddırlar. Gömrük Komitəsi nəyin davasını çəkir? Məlumatda qeyd olunan “ekologiya”, “yol qəzaları” ikinci, üçüncü dərəcəli məsələlərdir. Və əslində bu amillərlə bağlı müvafiq qurumlar bəyanat verməli, yaxud Gömrük Komıtəsi ilə birgə bəyanat verməli idilər. Burda “yorğan davası” əcnəbi vətəndaşların (söhbət Gürcüstan dövləti vətəndaşı olan azərbaycanlılardan – soydaşlarımızdan gedir) gömrük rüsumu ödəməməsidir. GK gəlıirlərin büdcədən yayınmasını əsas gətirir. Amma hesab edirəm ki, regionun iqtisadi cəhətdən ən güclü ölkəsi olan Azərbaycan üçün Gürcüstan dövlət nömrə nişanlı avtomobillərdən daxil olacaq kiçik faizin büdcəyə daxil olmamasını bu qədər böyütməsi müsbət hal deyil. Bu rüsumun dövlət büdcəsində çəkisi nə qədər ola bilər ki! O zaman iradlarla razılaşmaq olardı ki, Azərbaycanın Rusiya kimi avtomobil sənayesi olsun, yerli istehsal avtomobilləırimiz olsun. Bizdə avtomobil istehsalı sıfırdır. Nəyin müzakirəsini aparırıq? Məlumdur ki, Azərbaycanda gömrük sənədləşdirməsi prosesində problemlər qalır. El arasında “rastamoşka” deyilən mərhələdə 100 minlik avtomobilə 100 min manat da rüsum tələb edilir. Bu, heç bir məntiqə, müasirliyə, inkişafa sığmır. Ona görə də satış məqsədilə, yaxud şəxsi istafadə üşün vətəndaşların xarici ölkədən avtomobil alıb gətirməsi azalıb. Orta təbəqə vətəndaşlar üçün də xarici ölkədən avtomobil alıb gətirmək 3-4 qat əlavə xərcdir. Və buna getmirlər. Amma haqqında danışılan 90 günlük müddətə ölkəyə keçirilən maşınlar tranzit nömrəlilərdir. Əlavə rüsum ödəməkdən yayınmaq üçün 90 gün qalır, sonra ölkədən çıxır, bir də ölkəyə giriş edir. 

Bəs Gömrük Komitəsi “nəzarət gücləndiriləcək” dedikdə nəyi nəzərdə tutur? F.İbrahimov qeyd etdi ki, böyük ehtimalla ölkəyə giriş edən avtomobillərin şassi nömrələri elektron sistemə oturdulacaq, 90 gün ölkə ərazisində qalıb, sonra ölkədən çıxan və təkrar geri qayıdan avtomobillər bu sistem vasitəsilə müəyyən ediləcək və onlardan gömrük rüsumu ödəmək tələb olunacaq, əks halda ölkəyə buraxılmayacaqlar. Rüsumun miqdarı isə yəqin ki, avtomobilin modeli, istehsal tarixi və mühərrikdən asılı olaraq dəyişəcək.