Par-par işıldayan kartofun ziyanı yoxdur - "Gərək həmişə palçıqlı məhsul alaq?!" 

Kənd Təsərrüfatı Nazirliyi: "Əhali belə bir səhv düşüncədədir ki, məhsul qüsursuzdursa, deməli geni dəyişmiş məhsuldur"

 
   Bazarlarda ləkəsiz, çürük olmayan, tər-təmiz kartoflar satılır. Bu isə istehlakçını şübhələndirir. Belə kartoflara alışmamışıq. Kartof “gərək” qara-qura, ləkəli, qurdlu, düyünlü, palçıqlı olsun. Təmiz və keyfiyyətli məhsulla rastlaşanda gözümüzə inanmırıq və dərhal da bunu “GMO”-lara,  geni dəyişdirilmiş məhsula bağlayırıq. Şübhələr əsassız sayılmaz. Çünki hazırda dünyada geni dəyişdirilməmiş nəsə tapmağın özü müşkül bir işdir. Gələk, par-par işıldayan kartofa. Əhalini narahatlığına səbəb olan satıcının “bu kartoflar suda yetişdirilir” söyləməsidir. Bunu da görəcəkmişik. Suda da kartof yetişər?!

Məsələyə aydınlıq gətirmək üçün uzun axtarış aparmalı olduq. Nəhayət Kənd Təsərrüfatı Nazirliyinin Elmi-tədqiqat Tərəvəzçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Əsgərov yeni texnologiyalar barədə məlumat verdi:



- Hazırda dünyada tərəvəzçilikdə suda becərmə - hidroponika üsulundan istifadə edilir. Hidroponika - torpaqsız becərmə deməkdir. Bu becərmə üsulunda tərəvəzlərin yetişdirilməsi üçün torpaqdan savayı bütün digər komponentlərdən istifadə olunur. Bunlara substratlar deyilir. Məsələn, substrat kimi hazırda ən çox istifadə edilən kokos ağacının qabığıdır (kokobit). Qum, çınqıl da substrat kimi istifadə olunur. Becərmə kompüter vasitəsilə, əvvəlcədən proqramlaşdırma əsasında aparılır. Hər şey milliqrama qədər ölçülüb-biçilir. Toxumlar substrata yerləşdirilir. Bitkiyə lazım olan komponentlər suda həll olunmuş halda verilir. Bitki torpaqda olmadığından ziyanverici, zərərli həşəratlar təhlükəsi də yoxdur. Hazırda bizim institutda 7 istixananın 6-sında torpaq yoxdu.




Bu üsuldan pomidor, xiyar, badımcan becərilməsində istifadə olunur. Amma kartof becərilməsində bu üsulu tətbiq etmək mümkün deyil, çünki kartof yumruları torpaqda yetişir. Kartofu substrata yerləşdirmək olmur. Hazırda elə texnologiyalar var ki, torpağa ehtiyac qalmadan istənilən məhsulu yetişdirmək olur.  İdeal kartof sortları əldə etmək də mümkündür. Məsələn biz, yaxşı kartof sortları yetişdirilməsi üçün kartof yumruları becərib ixtisaslaşmış regionlara göndərə bilərik, orda da ideal kartof sortları alınar. Direktor müavini bildirdi ki, istehlakçı bəzən yanlışa qapılır:



- Əhali belə bir səhv düşüncədədir ki, məhsul qüsursuzdursa, deməli geni dəyişmiş məhsuldur. Hazırda dünyada yüksək texnologiyalar sayəsində keyfiyyətli, qüsursuz məhsul əldə edilir. Əslində, istehlakşıya məhz belə məhsullar satılmalıdır. Təmiz, paketlənmiş halda. Gərək həmişə palçıqlı kartof alaq?! Hazırda tərəvəz məhsulları konveyerdə çeşidlənir, yuyulur və paketlənib satış mərkəzlərinə daşınır. Təmiz kartofun nəyi pisdi? Xanımlarımız palçıqlı kartofdan əl çəksinlər, daha.