Ələtdə yaradılacaq Azad İqtisadi Zona əla bir fürsətdir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Bu, qeyri-neft sektoru üzrə xarici investorların Azərbaycana axınının yeni dalğasını yarada bilər

Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesi sürətlənib. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyini gücləndirəcək. Ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək.



Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini, həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və dolayısı ilə valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir. Son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizmdir.

Tarixə nəzər saldıqda məlum olur ki, xüsusi iqtisadi zonalar əsasən 20-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən, dünyanın 130 ölkəsində 4000-dən çox xüsusi iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrin də iqtisadiyyatına müsbət impuls verməkdədir. Azad İqtisadi Zonanın regional təsirlərini əyani görmək üçün Dubaya baxmaq kifayətdir. 1940-cı ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi və ardından isə onun ətrafında Azad İqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsinin müasir zamanımızda dünyanın əsas ticarət və maliyyə mərkəzinə çevrilməsinə imkan yaratdı. “Free Trade Zone” modelindən uğurla istifadə edən ölkələrdən biri də qardaş Türkiyədir. Türkiyə Ticarət Nazirliyinin rəsmi internet saytının verdiyi məlumata əsasən bu gün üçün qardaş ölkədə bu xüsusi statuslu iqtisadi zonanın ticarət dövriyyəsində payı 20 milyard dollardan artıqdır. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutlarının mərkəzində yerləşməsi Azad Ticarət Zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Ələt qəsəbəsi beynəlxalq avtomobil və dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Bu da imkan verir ki, Azad Ticarət Zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimi də inkişaf etsin.

İqtisadçı-ekspert Eldəniz Əmirov “Şərq”ə açıqlamasında deyib ki, Ələt Azad İqtisadi Zonasında veriləcək güzəştlər və digər detallar elan edilib. Ekspertin sözlərinə görə, şirkətlər güzəştlərin edilməsi baxımından 3 yerə bölünəcək:

“Birinci qrupdan olan əsas investorlara bütün güzəştlər ediləcək. Bunlar beynəlxalq istehsal şirkətləri, eləcə də xarici ixraca yönəlmiş, innovasiyalı məhsul və xidmətlər istehsal edən, yeni texnologiyalar tətbiq edən və bu sahədə yeni iş yerləri yaradan şirkətlərdir. İkinci qrup şirkətlər zonadan kənarda yerləşən və güzəşti olmayan şirkətlərdir. Bunlar AİZ-nin əsas müştəriləri üçün köməkçi məhsullar hazırlayan şirkətlər olacaq və onlara icazə veriləcək ki, zonaya bitişik xüsusi ayrılan ərazidə yerləşsin. Üçüncü qrup şirkətlər isə zonada yerləşəcək, amma güzəştləri olmayacaq. Onlar da Azad İqtisadi Zonanın əsas müştərilərinə kommersiya, pərakəndə və məişət xidməti göstərən şirkətlərdir. Mənə ən maraqlı olan onlara verilən güzəştlərdir. Bu siyahıda korporativ vergilər – 0 faiz, ixrac üçün mallara gömrük və ƏDV - 0 faiz, asanlaşdırılmış gömrük rejimi və s. kimi xeyli sayda güzəşt istiqamətləri əks etdirilib. Amma burada daha diqqət cəlb edən vacib güzəştlər xarici mülkiyyət məhdudiyyətinin olmaması, xarici valyuta və ya mənfəətin geri qaytarılması ilə bağlı məhdudiyyətin aradan qalxmasıdır. Eyni zamanda mübahisələrin beynəlxalq standartlara uyğun olaraq həll edilməsi, investorların qorunması kimi güzəştlərdir. Bu güzəştlər 0 faiz vergi, 0 faiz gömrük güzəştlərindən daha vacibdir. Çünki xarici investor özünü təzyiq altında hiss etməməlidir. Mülkiyyət məhdudiyyətilə qarşılaşmamalıdır, qazandığı mənfəəti istədiyi zaman ölkədən sərbəst çıxara bilməlidir. Xarici investor nəinki bunlar pozulduqda, hətta pozulma ehtimalını hiss etdikdə belə ilk fürsətdə buradan qaçacaq”.

E.Əmirova görə, ən adi güzəştlərdən belə maksimum yararlanmaları üçün imkan vermək lazımdır:

“Məsələn, verilən güzəştlərdən biri belədir ki, xarici işçilərin Dövlət Sosial Müdafiə fondunda iştirakı, yəni bu Fonda ödəniş edib-etməməsi könüllü olacaq. Bu ödənişləri edib-etməməyə işçi və çalışdığı şirkət qərar verəcək. Hətta bu məsələdə belə Dövlət Sosial Müdafiə Fondunda bir az artıq vəsait yığılsın deyə bu şirkətlərə rəsmi və ya qeyri-rəsmi səviyyələrdə təzyiq etmək, buna cəhd etmək kimi hallara yol verməməlidir. Miqyasından asılı olmayaraq istənilən təzyiq növü xarici investoru Azərbaycandan qaçıran ən başlıca səbəbdir. Buna görə də nə olur-olsun, hansısa qurumun, məmurun və ya bürokratik əngəllərin bu güzəştlərdən xarici investorların tam istifadə etməsinə mane olmasına imkan vermək olmaz. Çünki bu, təkcə investorun və ya bu azad iqtisadi zonanın taleyinə yox, bütöv Azərbaycan iqtisadiyyatının taleyinə ciddi zərbə olar. Azad İqtisadi Zona qeyri-neft sektoru üzrə xarici investorların Azərbaycana axınının yeni dalğasını yarada bilər. Yetər ki, onların Azərbaycan ərazisində azad iqtisadi fəaliyyət imkanlarının yaradılmasına inamını, güvənini qazana bilək. Bu inamı qazanmaq üçün İqtisadi Zona əla bir fürsətdir”.