Əsas səbəb pandemiyadır

Rus rubluna tələbatın artması sahibkarlıqla bağlıdır

"Nəzərə alaq ki, hazırda əsas ticarət dövriyyəmiz, xüsusən iş adamlarımızın ən çox iqtisadi əlaqədə olduğu ölkə qonşu Rusiyadır"


Azərbaycanda xarici valyutalara tələbin azaldığı, bunun müqabilində Rusiya rubluna marağın artdığı deyilir. Mərkəzi Bankın məlumatına əsasən, iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə yalnız rublun banklar tərəfindən satışı və ya əhali tərəfindən alışı artıb. Digər üç valyutanın (dollar, avro, funt-sterlinq) banklar və əhali tərəfindən alışı isə azalıb. Ekspertlərə görə, xarici valyutalara tələbin azalması bir neçə səbəblə izah olunur. Onların fikrincə, manatın nisbətən stabil qalması, pandemiya səbəbindən xarici səfərlərin azalması, idxalın həcmində kiçilmələr olması xarici valyutaya tələbi azaldan əsas amillərdir. Rubla tələbin artması isə mövsümi olaraq Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə əlaqələndirilir. 

İqtisadçı-ekspert Pərviz Heydərov “Şərq”ə açıqlamasında deyib ki, son dövrlərdə neftin dünya bazarındakı qiyməti xeyli yüksəlib. Ekspertə görə, ölkədən çıxan valyuta ilə, ölkəyə daxil olan valyuta arasındakı nisbət manatın mövqeyinin möhkəmlənməsinə də təsir göstərib. Lakin xarici valyutalara tələbin azalması birbaşa manatın möhkəmlənməsi, yaxud neftin dünya bazarında bahalaşması ilə bağlı deyil:

“Bunun əsas səbəbi pandemiyadır. Koronavirus səbəbindən xarici ölkələrə səfərlər azalıb, gediş-gəliş yox səviyyəsindədir. Məhdudiyyətlər tam aradan qaldırılmayıb. Nəticədə manatın nisbətən sabit qalması əhalini xarici valyuta alışına sövq etməyib. Yəni belə vaxtda buna ehtiyac duymayıblar. Rus rubluna tələbatın artması isə sahibkarlıqla bağlıdır. Nəzərə alaq ki, hazırda əsas ticarət dövriyyəmiz, xüsusən iş adamlarımızın ən çox iqtisadi əlaqədə olduğu ölkə qonşu Rusiyadır. Ona görə də rus rubluna tələbat digər xarici valyutalardan çoxdur. Əslində rubla tələbat əvvəlki dövrlərdə də çox olub, birdən-birə artmayıb. Amma dollar və avroya olan tələbin kəskin şəkildə azalması fonunda rubla tələbin artması görüntüsü yaranıb”. 
İqtisadçı vurğulayıb ki, bundan sonra dollar və avroya tələbin yüksəlməsi iqtisadiyyatın yenidən bərpa olunması tendensiyası ilə bağlıdır: “Hələ pandemiya davam edir. Müəyyən iqtisadi sahələrin təkrar bağlanma ehtimalı var. Təhlükə birdəfəlik sovuşmayana kimi dollar və avroya tələbat yüksəlməyəcək”.