Bu il Azərbaycanda ötən ilə nisbətdə elektron ticarət dövriyyəsi üç dəfə artıb

Bu il Azərbaycanda ötən ilə nisbətdə elektron ticarət dövriyyəsi üç dəfə artıb.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, ötən il bu rəqəm yanva-aprel aylarında 421 milyon manat təşkil etdiyi halda bu il 1milyard 310 milyon manatı ötüb.

"Bu da onu deməyə əsas verir ki, ölkəmizdə elektron ticarət gün-gündən artır. Vətəndaşlarımız əsasən Türkiyə və Çinlə elektron ticarət edirlər. Vətəndaşlarımız həmin ölkələrdən əsasən elektronika avadanlıqları və geyim sifariş edirlər. Elektron ticarət getdikcə ənənəvi ticarəti sıradan çıxaracaq. Elektron ticarətin ən müsbət cəhətləri məhsulların geniş çeşidi, ucuz və əlçatanlı olmasıdır. Burda rəqabət imkanları geniş olduğundan qazanan istehlakçı olur. Bəzən elektron ticarət milli iqtisadiyyata da mənfi təsir göstərir. Yerli şirkətlər xarici şirkətlərlə rəqabətdə uduzur. Son illər ölkəmizdə də bu sahədə irəliləyişlər var. Bu əsasən qida sektorunda özünü göstərir. Belə ki, qida sektorunda elektron ticarətin artımı 100%-dən çoxdur. Lakin istehsal və emal sənayesində elektron ticarət yerli şirkətlərə zərbə vurur", - deyə ekspert bildirib.

Ekspert bildirib ki, ümumi götürsək postpandemiya dövrü başlayandan elektron ticarət vətəndaşlarımızın həyatında mühüm yer tutmağa başlayıb.

"Vətəndaşlarımızın xarici ölkələrdən onlayn sifarişinə üstünlük verməsi qiymətlərin daha ucuz olmasıdır. Bunun da əsas səbəbi həmin ölkələrin xam malı öz ölkələrində istehsal etməsidir", -ekspert E. Kərimli bildirib.