ABŞ dollarının möhkəmlənməsi fonunda qızıl ucuzlaşır

Qızılın qiyməti düşməkdə davam edir. Bu qiymətli metalın ardıcıl ikinci gün ucuzlaşmasını ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclası öncəsi dolların digər valyutalara nisbətdə bahalaşması şərtləndirib.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,29%, yaxud 5,35 dollar ucuzlaşaraq 1 unsiyası 1 826,45 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,43% düşərək 1 unsiyası 21,163 ABŞ dolları təşkil edib.

ABŞ dollarının məzənnəsinin artması qızılın qiyməti üzərində təzyiq yaradır. Belə ki, daha güclü dollar qızılı satınalmalar üçün daha az əlçatan edir. Bir neçə gün davam edən artımdan sonra dolların indeksi 105 bənddən yuxarıdır, bu isə 2002-ci ilin dekabrından sonra ən yüksək göstəricidir.

İnvestorlar FES-in iyunun 14-15-də keçiriləcək növbəti iclasını gözləyirlər. İclasda faiz dərəcəsinin 0,75-1%-dən 1,5-1,75%-ə qaldırılacağı gözlənilir.