Aİ-95 markalı benzinin bahalaşması qiymətlərə də sıçrayacaq

"Kim deyir ki, mənim maşınım yoxdur və bunun mənə təsiri yoxdur, bu, yanlış fikirdi"

  “Aİ-95 markalı benzinin qiymətinin bahalaşmasını onun Avropada istehsal olunub ölkəyə gətirilməsi ilə əlaqədar olduğunu  qeyd edirlər. Əslində Azərbaycan neftinin ixrac edilərək ölkəyə benzin və s. məhsul formasında gətirilməsi yaxşı hal deyil”. Bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Onun sözlərinə görə,  bəzi hallarda nəqliyyat xərcinin ucuz başa gəlməsi və digər ölkənin nüfuzu alış qiymətinə təsir edə bilər. Yəni Qərbi Avropaya benzinin SOCAR-ın Şərqi Avropadakı zavodundan göndərilməsi daha əlverişlidir: 

“Amma məsələ budur ki, birinci evin içi, sonra çölü. Bəs Aİ-95 və Aİ-98 hansı avtomobillər üçündür və bunun əhaliyə təsiri varmı? Əlbəttə var, kim deyir ki, mənim maşınım yoxdur və bunun mənə təsiri yoxdur, bu, yanlış fikirdi. Ətrafımda bir çox insanlar var ki, onların avtomobilləri yüksək oktanlı benzin ilə işləyir. Bəziləri bunu bilməyərəkdən və ya bilərəkdən daha ucuz olsun deyə, Aİ-92 markalı benzindən istifadə edir. Bu isə avtomobilin ömrünü qısaldır. Avro 5 keçidlə bağlı istehsal olunan  maşınlarda Aİ-95 və Aİ-98 markalı benzin üçün nəzərdə tutulub. Ölkəyə yeni gələn maşınlar da bu marka üçün nəzərdə tutulub. Görünən odur ki, bizi qabaqda qiymət artımları gözləyir. Bu başlanğıcdı”.

  Aİ-95-in bahalaşmasının digər sektorlarda qiymət artımına təsirinə toxunan iqtisadçı  hesab edir ki, qiymət artımı əsasən Avro 5-lə işləyən avtomobillərin ucuzlaşması və Aİ-92 benzinlə işləyən avtomobillərin bahalaşmasına gətirib çıxara bilər: “Belə ki, Avro-5  standartı ilə, yəni yanacağı Aİ-95 və Aİ-98 marka benzinlə işləyən, misal üçün, “Hyunday” avtomobillərinin bəzi markaları ucuzlaşa bilər. Ümumilikdə, bazarda istənilən artım amili qismən də olsa, digər sahələrə təsir edir. Ola bilsin, gözəçarpacaq dərəcədə deyil. Amma ümumi fikir versək görərik ki, bazarda qiymətlər artır. Avtomobil bazarında ehtiyat hissələrinin qiyməti  artacaq. Qismən də olsa, yeyinti sənayesində qiymət artımı var və digər infrastrukturda  müəyyən bahalaşma müşahidə olunur. Əslində hər bir qiymət artımında ciddi səbəb olmalıdır. Alıcılıq qabiliyyəti aşağı olmasına baxmayaraq marketlərdə qiymət artırsa, bunun qarşısını almaq üçün  real addımlar atılmalıdır.  Biz isə ancaq pafoslu çıxışlara şahid oluruq. Avropada benzinin qalxması enerji krizisi və geosiyasi amillərlə bağlıdır. Bəs bizdə niyə bu baş verir? Azərbaycan özü enerji satışı ilə məşğuldursa, benzinin bahalaşması düzgün deyil. Qaldı ki, geosiyasi amillərə, burada Rusiya-Ukrayna məsələsindən qismən də olsa kənarda olduğumuz üçün qiymət arta bilməz. Qiymət artımı ilə bağlı ciddi səbəb olmalıdır. Təəssüf olsun ki, bizdə ciddi səbəb göstərilmədən addım atılır, sonra isə səbəb axtarılır ki, nə deyək!”.