Maaşlar da, təqaüdlər də artırılmalıdır


Çünki inflyasiya, qiymət artımı insanların belini büküb

"Maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir"


  Bir neçə gün öncə millət vəkili Vahid Əhmədov parlamentin iclasında minimum əmək haqqının artırılmasını təklif edib. Deputat bildirib ki, büdcədə qalığın qalmasının tərəfdarı deyil: "Pulu xərcləməyə veriblər. Hazırda minimum əmək haqqı 300 manatdır, bunu 500 manat etmək lazımdır ki, əhali normal dolansın. Artıq pulunuz varsa, əhaliyə verilməsinin tərəfdarıyam”. 

  İqtisadçı Natiq Cəfərli deputatın təklifinə münasibət bildirərkən deyib ki, maaşlar da, təqaüdlər də artırılmalıdır. Çünki inflyasiya, qiymət artımı insanların belini büküb. Ancaq ekspert bildirib ki, bu addımı atmadan öncə bir neçə məsələ də mütləq həll edilməlidir: "İlk növbədə qanunvericilikdə VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlantısı aradan qaldırılmalıdır. 

Çox məntiqsiz qaydadır. Məsələn, ay ərzində 500 manat dövriyyəsi olan da, 5000 manat olan da eyni ödəniş, yəni minimum əmək haqqının 25 faizini DSMF-yə ödəməlidir. Bəzi fəaliyyət növlərində hətta 50 faizini ödəmək məcburiyyəti var. Bu yanaşma qanundan çıxarılmalıdır, minimum əmək haqqı artdıqca Sosial Müdafiə Fonduna ödənişlərin də avtomatik olaraq artması doğru yanaşma deyil. Ona görə də bu bağlantı qanunvericilikdən çıxarılmalı, əvəzində ancaq dövriyyədən DSMF-yə ödəniş nəzərdə tutulmalıdır. Təklif edirəm ki, dövriyyənin 2 faizi DSMF-yə ödəniş kimi ayrılmasını nəzərdə tutan yeni qanun qəbul edilsin". 

  N.Cəfərliyə görə, daha bir problem odur ki, indiki iqtisadi sistemdə maaş və təqaüdlərin artırılması əlavə inflyasiya basqısı yaradır:

"Hətta “maaş-təqaüdlər artacaq” xəbəri belə artıq qiymətlərin yüksəlməsinə səbəb olur. Ona görə də maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir. Bu məsələ ilə bağlı aylar öncə təklif etdiyimiz məsələ aktualdır, həll edilməlidir. 

Ərzaq və dərmanların ƏDV-si 18 faizdən 2 faizə endirilməlidir. Ölkəyə gətirilən dərman vasitələri isə ümumən gömrük rüsumlarından tam azad edilməlidir. Bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar. 

Təbii ki, paralel olaraq 30 ildir müstəqillikdən bəri xroniki “xəstəliyə” çevrilmiş inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir".