10 il güzəşt

Qarabağ sakinləri mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunacaqlar

  “Vergi Məcəlləsi”nə təklif edilən dəyişikliklərlə işğaldan azad olunan ərazilərimiz üçün geniş vergi güzəştləri nəzərdə tutulur. Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi də təklif olunur". Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərimizin sakinləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunacaqlar:

"Yəni məskunlaşmadan sonra orada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız praktik olaraq mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergiləri ödəməyəcəklər. İşğaldan azad edilmiş ərazilərimizin rezidentləri tərəfindən təsdiq olunmuş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı növbəti yanvar ayından etibarən 10 il müddətində ƏDV-dən azad olunacaqlar. 

Eyni zamanda, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də 10 il müddətində vergi ödəməyəcəklər. 

ƏDV-ni geri qaytarmaq üzrə də xüsusi güzəştlər nəzərdə tutulub. Belə ki, istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılacaq. 

2033-cü ilədək nəzərdə tutulan vergi güzəştləri kifayət qədər təqdirəlayiqdir və bu, işğaldan azad olunan ərazilərimizdə sərmayə cəlbini, fərdi sahibkarlığı və eləcə də əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək".