Çox ciddi qiymət artımı olacaq

Deputat Vahid Əhmədov qanun layihəsini tənqid edib


  Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclasda “Elektroenergetika haqqında” qanun layihəsi müzakirə olunub. Çıxış edən millət vəkilləri tənqidi fikirlər səsləndiriblər. Deputat Vahid Əhmədov qanun layihəsini tənqid edib: “Pərviz Şahbazovun (energetika naziri - red.) sözü ilə razı deyiləm ki, “Elektroenergetika haqqında” qanun layihəsinin qəbulundan sonra qiymət artımı olmayacaq. Xeyr, çox ciddi qiymət artımı olacaq. Bu qanun sosial, siyasi qanundur. 

Burada 3 mərhələ nəzərdə tutulur. Birinci, 2025-ə qədər iki seçki nəzərdə tutulur - Parlament və Prezident seçkiləri. Belə bir qanun layihəsi ilə seçkilərə getmək mənfi amillərə səbəb ola bilər. Ona görə də təklif etdik ki, bu mərhələləri dəyişmək lazımdır. Qanunun 2025-ci ildən sonra deyil, 2027-2028-ci ildən tətbiqinə başlayaq. Dedik ki, gəlin pilot layihələr keçirək, rentabelliyini görək. Kim deyirsə, bu tariflərə təsir etməyəcək, mümkün olan şey deyil. Şirkət investisiya qoyursa, orada qiymət dəyişikliyi olacaq. Gəlin, bu qanun layihəsini işləyək. Bunu 3-cü oxunuşa çıxarmaq olmaz. Siz bizə sürpriz hazırlamayın. Saxlayın bu qanun layihəsini, bizim sürprizə ehtiyacımız yoxdur”.

"Elektroenergetika sahəsi dövlətin nəzarətində qalmalıdır"

  Deputat Fəzail Ağamalı bildirib ki, bu, strateji sahədir. Burada millət vəkillərinə təqdim olunmuş layihəyə üzdən münasibət bildirilməsi çox ciddi, xoşagəlməz nəticələr verə bilər: “Elə sahələr var ki, onlar birmənalı şəkildə dövlətin nəzarətində olmalıdır: su, neft, elektroenergetika. Bu gün “Azərişıq” istehlakçıları elektrik enerjisi ilə yüksək səviyyədə təmin edir. Satışda da hər hansı bir problem yoxdur. Satır, pulunu yığır və büdcəyə vəsait ödəyir. Pərviz müəllimin dedikləri qiymət artımının olmamasına təminat verə bilməz. Pul qoyan şirkət vəsaitin götürmək istəyəcək. Biz buna mane ola bilməyəcəyik. Bu strateji sahələr dövlətin nəzarətində olmalıdır. Bu məsələdə tələsmək olmaz, yenidən dinləmələr keçirək. İşğaldan azad olunan rayonlarda elektrikləşmə tam başa çatmalıdır. Bu məsələyə 2030-cu ildən sonra baxmaq olar”.

"Hamımız “Barmek” və “Bayva”nı çox yaxşı xatırlayırıq"

  Deputat Qənirə Paşayeva deyib ki, zamanında bəzi qurumlarımızın “fəaliyyəti” nəticəsində həyata keçirilən bəzi məsələlər, layihələr elə vəziyyətlə üzləşdi ki, insanlar onların təkrarlanmasından qorxur: "Hamımız “Barmek” və “Bayva”nı çox yaxşı xatırlayırıq. Həmin şirkətlər xeyli vəsait yığıb ölkədən getdi, amma heç bir investisiya qoymadı. Burada sual meydana çıxır ki, bu işə nəzarət edən qurumlar nəyə baxırdı, hara baxırdı? Axı onların vəzifəsi bu işləri tənzimləmək idi. Qurumlar bunun məsuliyyətini sonra daşıdılarmı? Əgər daşımadılarsa, kim cavab verə bilər ki, sabah eyni şeylər yaşanmayacaq? Bizim buna zəmanətimiz varmı? Qurumların maraq savaşının qurbanı insanlar oldu. Bəzi məmurların maraqlarının əziyyətini insanlar, dövlət çəkdi. Bizə zəmanət veriləcəkmi? Bu gün bölgələrdə onsuz da xeyli problemlərlə üzləşirik. Məlum olur ki, insanlara artıq elektrik sərfiyyatı yazılır. Əslində, bu islahatlar ciddi araşdırılmalı, tənzimləmə qaydaları dəqiq olmalı, insanlara bunun açıqlaması verilməlidir. Səhvlərimizi etiraf etməkdən çəkinməməliyik”.

"Liberallaşmaya milyardlarla pul alıb, səmərəsiz istifadə edən sahələrdən başlamaq lazımdır"

  Millət vəkili Qüdrət Həsənquliyev bəyan edib ki, liberallaşmaya milyardlarla pul alıb, səmərəsiz istifadə edən sahələrdən başlamaq lazımdır: “Bazarda liberallaşdırmanın tərəfdarıyam. Rəqabətin olması üçün inhisarçılıq aradan qaldırılmalıdır. İlk növbədə, dövlət inhisarçılığı olmamalıdır. El arasında bir söz var ki, “Südverən inəyi satmazlar”. Siz niyə gəlirlə işləyən sahədə liberallaşmaya başlayırsınız? Axı bizdə “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC var... Hər yerdə ilk növbədə gəlirlə işləməyən sahələr liberallaşmaya çıxarılır. Dünyanın hər yerində özəlləşməyə oradan başlanılır. Belə çıxır ki, özəlləşmədə məqsəd o sahədə xidmətin keyfiyyətini yüksəltmək, rəqabət mühiti yaratmaqla tarifləri salmaq yox, gəlirli sahəni ələ keçirməkdir. Ümumiyyətlə, özəlləşməyə başlanılmalıdır. İlk növbədə isə milyardlarla pul alıb, səmərəsiz istifadə edən sahələrdən başlamaq lazımdır. Baxın, AZAL-da qiymətlər hara çıxıb? Xalqımız tələb edir qiymətlər aşağı salınsın, amma rəqabət mühiti olmadığı üçün sözsüz ki, qiymətlər düşmür. Baxın Gürcüstanda, Ermənistanda təyyarə biletlərinin qiymətlərinə. Balaca Ermənistanda 6-7 aviakompaniya var”.