Türkmənistan Ermənistana qaz verəcəkmi? 

Təbii ki, hər şey Berdımuhəmmədovların cavabından asılı olacaq

  "Rəsmi İrəvan Tehranla türkmən qazının "svap" şərtlərlə Ermənistana nəqli ilə bağlı danışıqlar aparıb. Bu məqsədlə İran-Ermənistan qaz kəmərinin buraxıcılıq gücünün artırılması da müzakirə edilib". Bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. Ekspert bildirib ki,  Ermənistanın birbaşa İrandan qaz almaq istəməsinin başlıca səbəbi sanksiya altında olan ölkə ilə münasibətlərinin yüksəlişini nəzərdən yayındırmaqdır: "İndiyə qədər İrandan aldığı qaz kommersiya idxalı hesab edilmir: Ermənistan İrandan aldığı hər kubmetr qazdan təqribən 4,5 kVt/saat elektrik enerjisi istehsal edir və onun 3 kVt/saatını İrana qaytarır.  Yerdə qalanını özünün ehtiyaclarına yönəldir. Bir növ daxili istehlakda müəyyən həcmdə “pulsuz işıq” yaratmaq imkanı qazanır. İran qazı Rusiya mavi yanacağından bahalı olduğundan Ermənistan tərəfi cənub qonşusunun mütəmadi təkliflərindən yayınır. Həmçinin yaddan çıxartmaq olmaz ki, Ermənistan ərazisindəki bütün magistral qaz kəmərləri “Gazprom Armenia” şirkətinin mülkiyyətindədir. Rusiya tərəfi ilə razılaşdırmadan ”qazın kommersiya idxalının şaxələndirilməsi” rəsmi İrəvan üçün daxili bazarda istehlak qiymətlərinin bahalaşması probleminə də gətirib çıxara bilər. Türkmənistan Ermənistana "svap" şərtlərlə İran üzərindən qaz sata bilərmi? Yəni rəsmi İrəvan Aşqabada belə bir təkliflə müraciət edə bilər ki, "Azərbaycana satdığınız şərtlərlə sizdən qaz idxal etmək istəyirik". Təbii ki, hər şey Berdımuhəmmədovların cavabından asılı olacaq. Və aydın olmayan odur ki, Xəzərin o tayındakı Oğuz türkləri bu təklif olduğu təqdirdə onu necə cavablandıracaqlar".