Türkmənistan Prezidentinin kitabı türk və Ukrayna dillərində nəşr edilib

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun türk və Ukrayna dillərində nəşr edilmiş “Türkmənistan Böyük İpək Yolunun ürəyidir” kitabının təqdimatı keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə xarici ölkələrdən gəlmiş qonaqlar, Türkmənistanda işləyən diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbər və əməkdaşları, xarici jurnalistlər və yerli KİV-lərin nümayəndələri, həmçinin ali məktəblərin alimləri, rektorlar, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Təqdimat mərasimində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov, “İnterbudmontaj” İnşaat Assosiasiyasının rəhbəri Vladimir Petruk, Türkiyə Respublikasının Türkmənistandakı səfiri Mustafa Kapucu, Ukraynanın Türkmənistandakı səfiri Valentin Şevalyov, həmçinin alimlər və müəllimlər çıxış ediblər.

Çıxış edənlər kitabın məzmunu və onun xarici dillərə tərcüməsinin əhəmiyyəti haqqında danışıblar. Onlar, həmçinin qeyd ediblər ki, bu elmi əsərin xarici dillərə tərcüməsi Böyük İpək Yolu mövzusunu tədqiq edən xarici alimlər üçün qiymətli vəsait olacaq.