Aybəniz Haşımova: "Şəhid qadını olmaq ağır hissdir"


"Aynişanın doğum gününü, ya da atasının doğum gününü qeyd etməsi başqa qızlardan, övladlardan fərqlənir"



Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı, şəhid Xalid Quliyevin ad günüdür.  Bu barədə Əməkdar artist sosial şəbəkə hesabında paylaşım edib. O, şəhid həyat yoldaşı haqqında bunları qeyd edib: "Bu gün doğum günündür, ay yaraşıqlı oğlan... Xəbərin varmı 57 yaşın oldu? Hər oğulun işi deyil, bu yaşa qədər belə gənc qala, xəbərin varmı? Ayrı nə deyim ki, ürəyim soyuya, ay qaməti qamət, yerişi-duruşu, qəlbi şüşə kimi təmiz, dosta əsl dost, yara yar, ailəyə, millətə əsl oğul olanım, yüzlərlə düşmənin belini qıran igidim, bunlardan da xəbərin var?! Nə isə, onsuz da ürəyim boşalmayacaq... Sözüm elə burda bitsə yaxşıdır. Bircə sonda bunu deyəcəm ki, nə yaxşı ki, varımsan, nə yaxşı ki, doğulmuşlardansan! Doğum günün mübarək, Aynişanımızın atası qəhrəman Xalid!".

Aybəniz Haşımova ilə əlaqə saxlayıb şəhid həyat yoldaşı ilə bağlı xatirələrini  bölüşməyini istədik. Maraqlandıq ki, Aynişan atasının doğum gününü necə qeyd edir: «Şəhid ailəsi olmaq əlbəttə ki, fəxrdi. Amma bir həqiqət də var ki, ailə itkisi ağırdı, bir qadının ailə başçısını itirməsi çətindi, bir övladın atasız böyüməsi ağır dərddi. İllər keçsə də, o yara qaysaq bağlasa belə, yenə də  incidir, qəlbimizdə yarası qanayır. Biz nə qədər varıq, Xalidin də adı yaşayacaq. Bilirsiz, illər o dərdi unutdura bilmir. Bütün  hallarda o, vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda, qorunması üçün şəhid olub. Biz də bu şəhidliklə qürur duyuruq. Aynişan və mənim üçün bu günü qeyd etmək həm də çətindi. Artıq 27 ildir istər atasının, istərsə də öz doğum günündə Aynişan sabahı atasının məzarlığı üstünə baş çəkməklə başlayır. Atasız qızın böyüməsi həqiqətən çətindi. Aynişanın doğum gününü, ya da atasının doğum gününü qeyd etməsi başqa qızlardan, övladlardan fərqlənir. Atalı-analı uşaqların adətən doğum gününü qeyd etməsi ilə Aynişanın özəl günləri fərqli olur. Biz məzarlığa gedirik. Çiçəkləri düzüb onunla dərdləşirik. Təbii ki, göz yaşını axıtmadan mümkün deyil.

Amma biz çalışırıq ki, o göz yaşını kənardan görən olmasın. O dərdi içimizdə çəkirik. İnsanları üzməyi sevmirik. Bir də şəhid qızı başı dik dayanmalıdır. Mən hər zaman deyirəm. Millətim sağ olsun, dövlətim var olsun, qaldı şəhid qadını olmaq ağır hissdi. Şəhid qadını olmaq məsuliyyətdi. Yaralı ürəyimi bu gün də açmayın. Yaralı qəlbim danışsa gözlərdə yaş qalmaz. Mən vətəni sevən insanam. Amma həyat yoldaşım torpağa sevgini məndə bir az da böyütdü. Mənə vətəni sevməyi bir də Xalid öyrətdi. Ondan sonra mən bu torpağa daha çox bağlandım. Bu torpağın hər tozunun qədrini bilməyi öyrəndim. Çünki o torpaq uğrunda yüzlərlə igid oğul sinəsini düşmən gülləsinə sipər edib, ana dediyimiz vətənini qoruyub. Mən millətimdən də razıyam ki, bizə hər zaman hörmətlə yanaşıblar.

O məni səhnədə necə görmək istəyirdisə, mən o Aybənizi yaşatmağa çalışdım. O məni səhnədə qürurlu görməyi sevirdi. Mən o Aybənizi öldürmədim ki, Xalidin ruhu məndən incik düşməsin».