Vaqif Sultanlının “Səhra savaşı” romanı İngiltərədə nəşr olunub

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” (“Struggle in the desert”) romanı Böyük Britaniyada nəşr olunmuşdur. Londonun “Rossendale books” nəşriyyatında yayınlanan kitabı ingilis dilinə Cavid Abbaslı çevirmişdir. Roman yazıçı-tərçüməçi Vinsent Valşın redaktəsi ilə nəşr edilmişdir.

Qeyd eədk ki, bu müəllifin ingilis oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, son illərdə yazıçının roman, povest və hekayələr toplusundan ibarət ayrı-ayrı kitabları İngiltərə, Kanada, Amerika və Danimarkada nəşr olunmuş, habelə onun tərtibatında (Dr.İrəc İsmayılla birlikdə) «Müasir Azərbaycan nəsri» (2012, 2019) və «Müasir Azərbaycan qadın nəsri» antologiyaları (2014) ingilisdilli oxuculara təqdim edilmişdir. Şərti-metafоrik üslubda qələmə alınmış «Səhra savaşı» rоmanında təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.

Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin forma-sənətkarlıq baxımından seçilən “Səhra savaşı” çağdaş dünyaya hakim olan 
özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi- mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir. Kitabı amazon.com saytından sifariş yolu ilə əldə etmək olar. “Səhra savaşı” romanı Türkiyə və Rusiyada da nəşrə hazırlanır.