“Belə qəmli dayanma”nın qəmli TARİXÇƏSİ... - ARAŞDIRMA

Bəzi mahnılar var ki, onları dinləyəndə səninlə dərdləşdiyini,  əzizlədiyini düşünürsən. Hələ də onu sevilən sənətkarların səsindən eşidəndə könlündə çiçəklər açır, qəmgin olsan da, ağlasan da, gözünün  yaşını silib yaşamaq istəyirsən. Elə mahnının özü kimi sonsuzadək yaşamaq!
 “Belə qəmli dayanma” da həmin əsərlərdən biridir.
Bu günə qədər bir çox sənətkarımızın ifasında eşitmişik. İlk dəfə xalq artisti Flora Kərimova oxuyub. Mahnının sözləri Şamxal Rüstəmə, musiqisi Taleh Hacıyeva məxsusdur. Qeyd edək ki, T.Hacıyev Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın oğludur.

Mahnını F.Kərimovadan sonra Məmmədbağır Bağırzadə, Məhəbbət Kazımov, Könül Kərimova, Sahib İbrahimov, İlkin Əhmədov, Nazpəri Dostəliyeva, Mirələm Mirələmov kimi sənətkarlar da səsləndirib. Konsertlərinin birində Röya Ayxan da “Belə qəmli dayanma”ya müraciət edib.Hərəsi öz üslubunda, öz tərzində oxuyub, seçimi dinləyicinin öhdəsinə buraxıblar.Biz də “Belə qəmli dayanma” mahnısının tarixçəsinə nəzər saldıq.

Əsərin ilk ifaçısı F.Kərimova “Sherg.az”a mahnı haqda bunları söylədi:

“Şəfiqə xanımın oğlu Talehin mahnısıdır. Necə ərsəyə gəldiyini bilmirəm. Amma Taleh yazdı, mənə zəng elədi, razılaşdım, oxudum. Çox istedadlı gənc idi. Səhhətində  problemlər var idi. Lakin bunlar onun istedadına maneə olmurdu. Özü də pianoçu idi, anasının bütün  əsərlərini ifa edirdi. Mahnıları bəzəyirdi. Digər bəstkarlar da mahnılarını ona verirdilər, istəyirdilər o müşaiət etsin. Talehin həyatı nakam oldu. Xəstə idi, dünyasını dəyişdi. Rəhmətə gedəndə anası bilmədi, xalası ondan gizlətdi. Çünki o  zaman Şəfiqə xanım da xəstə idi. Biz onun yas mərasimində yığılanda Şəfiqə xanım soruşurdu ki, xeyir ola, hamınız birdən gəlirsiniz?  Niyə getdiyimizi bilmirdi. Biz də söyləyirdik ki, sözləşib gəlmişik. Allah rəhmət eləsin”.



M.Bağırzadənin oğlu Rahim Bağırzadə 2006-cı ildə Ş.Axundovanın atasının anım günündə çıxış etdiyini dedi. Onun sözlərinə görə, görkəmli bəstəkar M.Bağırzadənin  oğlu Talehin mahnısını oxuduğunu və onun ifasını çox bəyəndiyini xüsusi vurğulayıb:

“Atam o mahnını 1981-ci ildə “Dan Ulduzu”  ansamblı ilə oxuyub. Mahnının ikinci ifaçısıdır. Mən rəhmətlik T.Hacıyevi də görmüşəm. 1997-1998-ci illərdə atam ona başqa mahnı yazdırırdı. Yanına getdik, piano ilə ifa etdi, dinlətdi. Sonra özü xəstələndi, vəziyyəti ağırlaşdı, uzun müddət xəstəliyi ilə əlaqəli əziyyət çəkdi. Mahnı qaldı.

Qeyd edim  ki, Flora Xanımdan sonra o mahnını cürət edib oxumaq çətin məsələ idi. M.Bağırzadə həmin dövrdə çox populyar olub. Bu  mahnı 90-cı illərə qədər ifa olunmurdu.

Atam dünyasını dəyişəndən sonra yenidən dəbə düşdü, radiolarda  səsləndi. Sanki bir daha yarandı, sosial şəbəkələrdə yayıldı. Mahnı üçüncü dəfə həyata gəldi.

Çox sevilən əsərdir. Şur muğamının üzərindədir. Hər müğənni ifa edə bilmir, çətin, məsuliyyətli mahnıdır. Gərək sözlərini yaşayasan, diksiyan, bədii qiraətin də düzgün olmalıdır. Obraz yaradıb, musiqi ilə sözü vəhdətdə işlədə bilməlisən. Oğlu kimi deyil, bir dinləyici kimi söyləyirəm. Həmişəyaşar mahnıdır.

Bu gün nə  muğam ifaçıları, nə də xanəndələr həmin mahnını oxuya bilirlər. Bəzən müğənnilər mahnıları 2-3 saata studiyada yazıb, hazırlayırlar. Mənə qəribə gəlir, qəbul edə bilmirəm.

Atam bir mahnını günlərlə, saatlarla oxuyurdu, bəyənmirdi, sözü, vurğusu düz deyil, deyib, yenidən ifa edirdi. Hamısı gözəl oxuyub, lakin mənim aləmimdə atam ən  yaxşısıdır. Şəfiqə xanım kimi sənətkar, dahi Üzeyir Hacıbəyovun tələbəsi Məmmədbağırın ifasını bəyənirdi. Tədbirdə də qeyd etdi. Flora xanım da, digər sənətkarlar da orada idi.

F.Kərimova simfonik orkestra ilə oxuyub, atam isə “Dan ulduzu” ansamblı ilə. Bu mahnı milli alətlərlə alınmır.

Nə klarnetlə, nə  qarmonla, nə də tarla çala bilməzsən, səslənmə  yaxşı çıxmır. Atam Flora xanımın ifasını çox bəyənirdi. Məhəbbət Kazımovun ifasını da həmçinin. İlkinin oxumağı xoşuma gəlir. Fəxr edirəm ki, atamın repertuarına müaricət. Arzu edirəm ki, bundan sonra bütün müğənnilər oxusun, bu mahnılar yaşasın. Onlar Azərbaycanın sərvətidir. Bir daha təkrar yazılmayacaq”.