"Şuşadan piyada gedib Xankəndindən böyürtkən toplayırdıq"  - Xalq artisti

Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçılar məğlub olub. Silahlı Qüvvələrimizin qazandığı qələbə millətimizi yenidən fərəhləndirib. 

Ali Baş Komandan İlham Əliyevin 200 illik saxta erməni layihəsinə son qoyması və suverenliyimizin bərpa olunduğunu elan etməsi bu tarixi günlərdə bizi qürurlandırıb. 

Sevincli olduğunu bildirən, şuşalı Xalq artisti Firəngiz Mütəllimova Azərbaycan ordusunun son zəfər ilə bağlı təəssüratlarını bölüşüb. 

"Sherg.az"la həmsöhbət olan aktrisa uşaqlıq illərindən, Qarabağdakı xatirələrindən söz açıb:
 
"Bütün günü mətbuatı bir növ "güdürəm", xəbərlərə görə çox şadam. Xocalıda sancılan, dalğalanan üçrəngli bayrağımızı gördükdə qürur duyuram. Xankəndindəki son hadisələr, antiterror tədbirlərinin uğurla başa çatması vətənpərvər hisslərimizi daha da gücləndirir. Əslən Şuşada doğulub-böyüyən biri kimi fərəh hissi keçirdirəm. Allah şəhidlərimizə rəhmət etsin. Müzəffər ordumuzla, Ali Baş Komandanımızla fəxr edirəm. Bu hadisələri Böyük Azərbaycanın qələbəsi kimi qarşılayıram".

Sənətçi  Şuşada keçən günlərindən, Xankəndindəki xatirələrindən də danışıb:                                 

 "Xankəndində çox gözəl xatirələrim var. Şuşadan piyada düşüb Xankəndiyə gedirdik. Qardaşımla məktəbdə oxuyurduq. Xatırlayıram ki, onunla uşaqlara qoşularaq böyürtkən toplayırdıq. Çox təəssüflər olsun ki, Ağdərə tərəflərdə olmamışam. Yaxın zamanda  əlverişli şərait yaransa, o diyarlara da baş çəkmək istərdim".