"Yeni media qanununda azad mətbuat əleyhinə gizli və dolayı normalar yoxdur"

"Azərbaycan dövlətini internet resurslarında bütün növ fəaliyyətlərə məhdudiyyət qoymaq niyyətində olmaqda günahlandırmaq yanlışdır"

Dünən Milli Məclisin plenar iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi baş tutub. Parlament sədri Sahibə Qafarova deyib ki, yeni qanun mediaya dövlət dəstəyinin artmasına imkan verəcək. Spikerin sözlərinə görə, hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik institutlardan biridir: “Demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verir. 
Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan mediamız son illərdə böyük inkişaf yolu keçib. Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir. Biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanıb. Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini verib. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da artmasına imkan verəcək”.
 
“Milli Məclisdə jurnalistlərlə təkrar müzakirə təşkil olunacaq”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, parlamentdə jurnalistlərin iştirakı ilə “Media haqqında” qanun layihəsi daha geniş formatda müzakirə olunacaq: “Media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələri davam etməyi düşünürük”. Ə.Hüseynli bildirib ki, hazırda yeganə məqsəd Vətən müharibəsi ərəfəsində və bundan sonra əsl dövlətçilik və vətənpərvərlik nümunəsi göstərmiş media nümayəndələrinin həm də bu qanunla hüquqlarını qorumaqdır. 

Sədr Sahibə Qafarova bildirib ki, biz bu barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla danışmışıq: “Tarix müəyyənləşdiriləcək və yenə də media nümayəndələri ilə müzakirələr davam etdiriləcək”. Həmçinin, spiker təklif edib ki, jurnalistika fakültəsinin müəllimləri də qanun layihəsinin müzakirəsinə dəvət edilsin: “Onların da bu qanun layihəsinin geniş formatda keçiriləcək ikinci müzakirəsində iştirakı təmin edilsin”.

“Media strategiyası və konsepsiyası qəbul ediləcək”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, media strategiyası və konsepsiyası qəbul ediləcək: “Milli Məclisdə Əli Hüseynlinin moderatorluğu ilə 3 saatdan çox davam edən ictimai dinləmələrdə 32 media təmsilçisinin açıq, sərbəst fikir mübadiləsi, maraqlı rəy və təkliflərini səsləndirməsi, sonrakı günlərdə öz mövqelərini parlamentə çatdırması layihənin əhəmiyyətini bir daha sübut edir. Ölkədə 5000-dən çox rəsmi qeydiyyatdan keçən KİV, 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri, 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, bölgələrdə 100-ə yaxın media subyekti fəaliyyət göstərir. Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 11 regional və 49 kabel televiziyası, 25 internet televiziyası, 11 radio, Naxçıvanda 2 televiziya, 2 radio, 9 qəzet, 1 jurnal nəşr olunur, mətbuat yayımını həyata keçirən müstəqil 23 kommersiya şirkəti var. Yeni qanun medianın texniki, təşkilati, sosial və peşəkar fəaliyyətləri ilə bağlı bütün problemləri həll etməyə iddialı deyil, lakin ondan ötəri mühüm hüquqi bazadır. Qarşıdakı aylarda dövlət tərəfindən medianın inkişafı ilə bağlı yeni addımların atılacağı gözlənilir. Media strategiyası və konsepsiyanın qəbul olunmasını qanun layihəsi ilə eyni vaxtda gözləyənləri yaxşı başa düşürük, lakin hazırda hüquqi bazanın yenilənməsi həmin sənədlərin də qəbulunu mümkün edəcək”.

“Layihə sosial medianı, “Youtube” kanallarını tənzimləmir”

Komitə sədri ali təhsili olmayanların Media Reyestrinə daxil edilməyəcəyi barədə məsələyə aydınlıq gətirib: “Azərbaycan media sahəsində beynəlxalq reytinqlərin hansı siyasi məqsədlərə xidmət etdiyini yaxşı bilir, lakin bununla belə dövlət KİV sahəsində beynəlxalq əlaqələrdə yeni səhifə açmağa hazırdır. Layihədə ifadə azadlığına, İnsan haqlarına dair Avropa konvensiyasının təməl prinsiplərinə, xüsusilə 10-cu maddəsinə zidd hər hansı hüquqi qadağalar, azad mətbuat əleyhinə gizli və dolayı normalar nəzərdə tutulmayıb, əksinə, dövlət medianın inkişafında və güclənməsində maraqlıdır. Layihə sosial medianı, “Youtube” kanallarını, bloqosfer və digər platformaları tənzimləmir. Ona görə də Azərbaycan dövlətini internet resurslarında bütün növ fəaliyyətlərə məhdudiyyət qoymaq niyyətində olmaqda günahlandırmaq yanlışdır. İnternet televiziyalarını məcburən lisenziyalaşdırmaq, yaxud efir məkanına senzura tətbiq etməyə dair də sənəddə hər hansı müddəa yoxdur. Kiçik vaxt rejimində fəaliyyət göstərən internet audiovizual resursların qanunun qəbul olunduqdan sonra da fəaliyyəti olduğu kimi davam edəcək. Üstəlik, dövlətin məramı iqtisadi, sosial, vergi və digər xarakterli güzəştlərlə onları inkişaf etdirməkdir. Ali təhsili olmayan şəxslərin Media Reyestrinə alına və vəsiqə ilə təmin oluna bilməyəcəyi müddəası da diksriminasiya niyyəti güdmür. Çünki bu şərt istənilən dövlət qulluğu və hər hansı vəzifənin tutulmasına dair digər sahələrdə mövcud olan meyarlara oxşardır. Lakin dövlət media təhsili və media peşəkarlığının artırılması üçün öz güclü məramını bəyan edir və proqramları ilə o sahədə güclü təhsilli media ordusu formalaşdırmaq niyyətindədir”.

“Medianın, jurnalistin azad olmasını istəyirəm”

Millət  vəkili Vahid Əhmədov qeyd edib ki, qanunun Milli Məclisə təqdim edilməsi çox vacib idi: “KİV haqqında” qanunun qəbulundan 20 il keçib. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda senzuranın ləğvi ilə bağlı qərar verdi, Azərbaycanda jurnalistlər üçün çox azad bir mühit yaratdı. Heydər Əliyev ona yaxınlaşan bütün jurnalistlərə cavab verirdi. O, elə şərait yaradırdı ki, media azad olsun. Belə hesab edirəm ki, 44 günlük Vətən müharibəsində medianın üzərinə düşən işin ağırlığını Prezident İlham Əliyev öz üzərinə götürdü”.
Deputat bildirib ki, medianın, jurnalistin azad olmasını istəyir: “Ona görə ən birinci medianın maliyyə məsələsi həllini tapmalıdır. Media reklam şirkətləri ilə normal işləməlidir. Amma Azərbaycanda medianın reklam bazarı kifayət qədər aşağıdır. Azərbaycanda reket jurnalistlər çoxdur, onları saxlayan nazirlər, məmurlar, şirkətlər var. Onlar istənilən vaxt media orqanını qapatmaq imkanına malikdir. Mən media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyam. Reyestrin olması vacibdir”.

“Media Reyestrinə daxil olmağın şərtləri yüngülləşdirilsin”

Millət vəkili Fazil Mustafa da Media Reyestrinin tapılmış ən uğurlu variant olduğunu bildirib: “Bu reyestrdə jurnalistlər qeydiyyatdan keçməlidir. Ancaq yaxşı olar ki, Media Reyestrinə daxil olmağın şərtləri yüngülləşdirilsin. Ali təhsil, əmək kitabçası məsələsi şərt olmamalıdır. Azərbaycan Beynəlxalq Universitetini bitirən tələbələr var, onlar diplomlarını ala bilməyiblər”. Deputat, həmçinin, Vətən müharibəsi dövründə informasiya savaşında iştirak edən jurnalistlərin mükafatlandırılmasını təklif edib.

“Dünya standartlarına cavab verən media qurumlarına ehtiyac var”

Deputat Tural Gəncəliyev deyib ki, “XXI əsrdə müharibələrin aparılmasında informasiya savaşı xüsusi yer tutur: “Artıq Qərb ölkələrində informasiya müharibələrinin aparılmasının yeni konsepsiyalarının hazırlanması üzərində iş gedir. İnformasiya təhlükəsizliyinin qorunmasında “Media haqqında” yeni qanun mühüm yer tutacaq. İnformasiya cəbhəsində gedən müharibə davam edəcək və Azərbaycan buna hazır olmalıdır. Bizim güclü, dünya standartlarına cavab verən media qurumlarına ehtiyacımız var. Dövlətlər məhz psixoloji təzyiqlər vasitəsilə metodlardan istifadə etməyə çalışır və çalışacaqlar”. 

“Niyə “Facebook”, “Tvitter” tənzimlənmir?”

Deputat Məlahət İbrahimqızı sosial şəbəkələrdən qaynaqlanan təhlükə ilə bağlı maraqlanıb: “Qanun layihəsində “Facebook”, “Tik-tok”, “Tvitter”lə bağlı tənzimləmə nə üçün yer almayıb? Əlbəttə, bizdə senzura yoxdur, amma bunlar bizim milli təhlükəsizliyimizlə bağlı məsələlərdir”.