Məqsəd mediada sistemləşmənin təşkil olunmasıdır

Qanun qəbul olunduqdan sonra jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiq olunması nəzərdə tutulur

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin onlayn formatda keçirilən iclasında “Media haqqında” yeni qanun layihəsi ikinci dəfə müzakirəyə çıxarılıb. İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, media orqanlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. 

“Qanun blogerlərin fəaliyyətini tənzimləmir”

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, ötən dövrdə qanun layihəsi geniş ictimai müzakirəyə çıxarılıb, yüzdən çox təklif daxil olub. Z.Oruc deyib ki, bu qanun ilk növbədə xalq üçündür: “İnanırıq ki, beynəlxalq təşkilatlar da “Media haqqında” qanunla bağlı xoş məramlarını ortaya qoyacaq. Dünən medianı müxtəlif məsələlərə görə tənqid edənlər bu gün sanki əvvəlki vəziyyətin qorunub saxlanılmasına çalışırlar. Dövləti mühafizəkarlıqda da ittiham etməyə çalışanlar var. Qanun media sahəsindəki islahatların ilk mərhələsini təşkil edir. Son dövrlər qanun layihəsinin geniş müzakirə olunmadığı barədə iddialar var. Birincisi, media subyektləri ilə aparılan müzakirələr ictimai müzakirələrin bir hissəsidir. İkincisi, dünənə qədər media haqqında qanunvericiliyin tələblərinə qarşı çıxanların indi bu sahədə yeni qanunvericiliyə qarşı çıxması məntiqli deyil”. Komitə sədri bildirib ki, qanun blogerlərin fəaliyyətini tənzimləmir, yalnız peşəkar səviyyədə jurnalistlərin fəaliyyətinin tənzimləməsini nəzərdə tutur: “Digər tərəfdən, platforma yayımçısı ilə internet televiziyası yayımçısı anlayışı eyni deyil. Müxtəlif platformalar üzərindən yayımlanmaq üçün minimum tələblər müəyyənləşib. Lisenziya tələblərinə cavab verməyən internet televiziyaları da fəaliyyətini indiki şəkildə davam etdirə biləcək. Layihədə jurnalistlərlə bağlı ali təhsil tələbinə gəlincə, bu, beynəlxalq təcrübədə də belədir”.

“Bu, digərlərinə qarşı ayrı-seçkilik sayıla bilər”

Zahid Oruc qanun layihəsində ağır və xüsusilə ağır cinayətlər törədən, məhkumluğu olan şəxslərin media subyekti olmasına qoyulan qadağa ilə bağlı səslənən etirazlara da münasibət bildirib: “Bu həm dövlətdaxili, həm də xarici hüquqi aktlarda özünə geniş yer tapıb. Media elə bir fəaliyyət sahəsidir ki, ictimai maariflənmə və gənc nəslin tərbiyə edilməsində həssas mövqe nəzərə alınıb. Buna görə də bu sahənin nümayəndələri üçün ciddi tələblər müəyyənləşib. İctimai mənəviyyatın qorunması üçün belə bir məhdudiyyət müəyyənləşdirilib. Digər tərəfdən, layihə media sahəsində birliklərin yaranmasına qadağanı nəzərdə tutmur. Bu iddialar da əsassızdır”. Parlamentin komitə sədri qanun layihəsində siyasi partiyalar və dövlət orqanlarının media subyektləri yaratmasına qoyulan məhdudiyyətə də toxunub: “Siyasi partiyanın məramı hakimiyyətə gəlmək, dövlət orqanlarının məqsədi isə qanunvericilikdə nəzərdə tutulmuş funksiyaları həyata keçirməkdir. Biz dövlət mediası anlayışının yalnız 2-3 subyektə tanınmasını bəyan edirik. Eynən siyasi partiyanın internet, "Yotube" üzərindən hansısa formada yayım aparması yenə də olduğu kimi davam edəcək. Siyasi partiya ümumölkə miqyasında peyk rabitəsi üzərindən televiziya sahibinə çevrilmək istəyirsə, artıq informasiya fəaliyyətinin həyata keçirilməsi statusunda özünü tanıtmaq olmuş olur. Bu, digərlərinə qarşı ayrı-seçkilik sayıla bilər”.

“Reklam məsələləri “Reklam haqqında” qanunla tənzimlənir”

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, media savadlılığı dövlətin özünün marağındadır və dövlət bunun həyata keçirilməsini təmin etməyi üzərinə götürür. Ə.İsmayılov deyib ki, bu qanun qəbul olunduqdan sonra jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiq olunması nəzərdə tutulur: “Məqsədimiz mediada sistemləşmənin təşkilidir. Bu sistemləşmə təşkil olunduqdan sonra daha çox güzəşt və imtiyazların verilməsi ilə bağlı layihələrlə çıxış edə bilərik. Layihədə nəzərdə tutulmuş normalar bizə bu imkanı verir. Reklama gəlincə, reklam məsələləri “Reklam haqqında” qanunla tənzimlənir. “Media haqqında” qanun qəbul olunursa, bu qanundan irəli gələn müvafiq dəyişikliklər və uyğunlaşdırma həyata keçiriləcək. Bununla bağlı məsələlər media nümayəndələri ilə müzakirə ediləcək. Onu da qeyd edim ki, dövlət qurumları ilə bağlı reklamla əlaqədar məsələlər “Dövlət satınalmaları haqqında” qanunla tənzimlənir. Dövlət orqanları tərəfindən mediaya veriləcək hər hansı təklif həmin qanunun çərçivəsinə aiddir. Hazırda bu sahədə problem görünmür”.

“Bu, sadəcə düzgün başa düşülməyib”

Əhməd İsmayılov elanların rəsmi qəzetlərdə çap olunması ilə bağlı müddəanın ləğv edildiyini də nəzərə çatdırıb: “Artıq bu elanlar hökumətin yaratdığı tender.gov.az saytında yerləşdirilir”. İcraçı direktor istinadın informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcəyi ilə bağlı maddəyə də dəyişiklik ediləcəyini qeyd edib: “Qanun layihəsində informasiya agentliklərinin informasiyalarına istinad məsələsi əksini tapacaq”. MEDİA rəhbəri gizli çəkilişlərin qadağan olunması məsələsinin media orqanlarının parklarda, küçələrdə çəkilişini əhatə etmədiyini nəzərə çatdırıb: “Gizli çəkiliş dedikdə gizli niyyət, audiovizual çəkiliş nəzərdə tutulur, burada media subyektlərinin fəaliyyətinə hər hansı məhdudiyyətdən söhbət getmir. Bu, sadəcə düzgün başa düşülməyib”.

“Hesab edirəm ki, bu bəndə yenidən baxılmalıdır”

“Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev deyib ki, “Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb. Ancaq layihəyə bir sıra düzəlişlərin edilməsi yaxşı olardı. O bildirib ki, layihənin 13-cü maddəsinə (İnformasiyadan istifadə edilməsi) düzəlişlər edilməlidir: “Layihəyə əsasən, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Layihənin digər bəndində isə qeyd edilib ki, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər”. F.Hüseynəliyev təklif edib ki, qanun layihəsinin müvafiq bəndində informasiya agentliklərinə istinadla bağlı məsələ öz əksini tapsın: “Hesab edirəm ki, bu bəndə yenidən baxılmalıdır. Media subyektləri informasiyaları agentliklərə istinad etməklə (özəl, eksklüziv informasiyalar) abunəlik və ya müqavilə əsasında istifadə etməlidirlər”. Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov da bu məsələ ilə razı olduğunu qeyd edib: “Bütün tövsiyələr tərəfimizdən qeyd edilir və ətraflı müzakirə olunur. Bu məsələ öz həllini tapmaqdadır və layihəyə əlavə olunacaq. Bu məsələ qanunda öz əksini tapacaq”.

“Bunu ayrıca bir maddədə göstərməyin məntiqi yoxdur”

Millət vəkili Fazil Mustafa “Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılmasını təklif edib. Deputat bildirib ki, layihədəki media savadlılığı ilə bağlı bənd aydın deyil: “Bu, medianın öz işidir. İstəyən savadlı olub pul qazanar, istəməyən savadsız olub gözdən düşər. Bunu ayrıca bir maddədə göstərməyin məntiqi yoxdur. Ona görə də hesab edirəm ki, 10-cu maddə (Media savadlılığı) qanun layihəsindən çıxarılmalıdır”. 

“Qanun layihəsinə yeni maddə əlavə olunacaq”

Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov bildirib ki, “Media haqqında” qanun layihəsinə platforma yayımçısı ilə bağlı yeni maddə əlavə olunacaq. Onun sözlərinə görə, yeni maddədə qeyd olunacaq ki, birbaşa internet üzərindən audivizual proqramlar yayımlayan hüquqi şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər: “Bu halda həmin şəxslər bu qanunun maddələrinin tələblərinə cavab verməlidirlər. Beləliklə, hamı biləcək ki, müraciət olsa, platforma yayımçısı kimi lisenziya ala biləcək. Müraciət olmasa, olduğu kimi fəaliyyətini davam etdirəcək”. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu təkliflə razılaşdıqlarını bildirib.