"Media qanunu ilə bağlı proses müsbətə doğru gedir"

Elçin Şıxlı: "Görünür, təkliflərimizi nəzərə alıblar ki, qanun layihəsini plenar iclasın gündəliyindən hələlik çıxarıblar"

"Bizim opponentlik etdiyimiz əsas məqam və fikir ondan ibarət idi ki, qanunu maksimum dərəcədə yaxşı və mükəmməl hala salmalıyıq. Bunu ona görə etməliyik ki, gələcəkdə problemlərlə üzləşməyək"

“Media haqqında” qanun layihəsinin müzakirələri davam edir. Dekabrın 22-də Medianın İnkişafı Agentliyində Milli Məclisin birinci müavini Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə qanun layihəsinin növbəti müzakirəsi baş tutub. Müzakirədə qanun layihəsi gündəmə gələn gündən sərt mövqeləri, tənqid və iradları ilə fərqlənən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Turan" informasiya agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, media hüququ üzrə ekspert Ələsgər Məmmədli də iştirak ediblər. Agentliyin icraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları cavablandırıb, rəy və təkliflərə münasibət bildiriblər. 

Agentlikdə keçirilən görüşlə bağlı “Şərq”ə danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna.az” saytının təsisçisi Elçin Şıxlı deyib ki, müzakirədə səsləndirilən iradların çoxuna izahatlar verilib və bir sıra qeydlər nəzərə alınıb: 

“Dedilər, ilin sonu olmasının qanun layihəsinin müzakirələrinə dəxli yoxdur. Layihədə yanvarın 1-i qeyd olunsa da, mütləq tarix deyil. Əgər parlament nümayəndələri özləri müzakirələrə gedirsə və bizi də dəvət edirsə, deməli, müəyyən fikirləri var. Ümumən, proses normal gedir, görək sonrası necə olacaq. Təkliflərimizin, iradlarımızın nə dərəcədə nəzərə alınıb-alınmayacağı başqa məsələdir”. 

E.Şıxlı Milli Məclisin 1-ci və 2-ci oxunuşunda qəbul olunmuş “Media haqqında” qanun layihəsinin parlamentin dünənki iclasında müzakirəyə çıxarılmamasına da münasibət bildirib:

 “Görünür, müzakirələr davam etdiyi üçün “Media haqqında” qanun layihəsini Milli Məclisin növbəti iclasının gündəliyindən çıxarıblar. Bizim opponentlik etdiyimiz əsas məqam və fikir ondan ibarət idi ki, qanunu maksimum dərəcədə yaxşı və mükəmməl hala salmalıyıq. Bunu ona görə etməliyik ki, gələcəkdə problemlərlə üzləşməyək. Sözün doğrusu, müzakirədə hamımız israr və xahiş etdik ki, “Media haqqında” qanun layihəsi tez-tələsik qəbul edilməsin. Müzakirələr davam etsin. Bilirdik ki, sonradan başımız ağrıyacaq. Görünür, bu təklifimizi nəzərə alıblar ki, qanun layihəsini plenar iclasın gündəliyindən hələlik çıxarıblar. Müzakirələrin davam edəcəyi deyilir. Deyəsən, proses müsbətə doğru gedir”. 

  Məlumat üçün bildirək ki, həmin görüşdən sonra media hüquqşünası Ələsgər Məmmədli Milli Məclisə ayrıca dəvət olunub və müvafiq komitə sədrlərinin iştirakı ilə müzakirələr aparılıb. 

Parlamentdə baş tutan görüşlə bağlı açıqlama verən Ələsgər Məmmədli müzakirələrin 2,5 saat sürdüyünü deyib. Ekspert bildirib ki, layihədəki müxtəlif narahatedici məqamları səsləndirib, qarşı tərəf isə fikirlərini ifadə edib: 

“Bəzi məsələlərdə mövqelər bir-birinə yaxınlaşdı, qısmən konsensus oldu, bəzi məsələlər isə açıq qaldı. Ümumi konsensusa gəldiyimiz məsələlərdən biri - bütün platforma yayımçısının lisenziyalı fəaliyyət göstərməsini nəzərdə tutan (30.2 maddə) müddəaya daha aydın qeydin razılaşdırılması oldu. Razılığa görə, yalnız o platforma yayımçısı lisenziyaya müraciət edəcək ki, onun arzusu peyk yayımlanan operatorunun xidmətindən istifadə etmək olacaq. Yəni sadə internet üzərindən yayımlanan platforma yayımçıları lisenziyasız fəaliyyət göstərəcək”. Media eksperti vurğulayıb ki, razılaşmaya əsasən 30-cu maddəyə bir bənd əlavə olunub. Qaldırdığım bəzi texniki qanunvericilik problemləri pozitiv qarşılandı və zəruri düzəlişlərin ediləcəyinə dair fikir bəyan edildi. Müzakirə tam yekunlaşmadı və digər təkliflərimin yazılı təqdim olunması xahiş olundu. Ümumiyyətlə, bir media hüquqşünası kimi mənə şərait yaradılmasına, 6 saatlıq müzakirələrdə səbrlə fikirlərimin dinlənməsinə görə Əli Hüseynliyə, MEDİA Agentliyinin rəhbəri Əhməd İsmayılova və MTRŞ-nin rəsmilərinə təşəkkür edirəm”.