Bu qədər əndişələnməyə ehtiyac yoxdur

Gələcək çörəyi peşəsindən, əməyindən çıxanlarındır

““Media haqqında” qanun layihəsinin rezonansa səbəb olmasını təbii qəbul edirəm. Söz və ifadə azadlığı fundamendal azadlıqlardır və təbii ki, cəmiyyətin bütün fərdlərini əhatə edir”. Bunu “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Baş redaktor bildirib ki, bununla yanaşı, bəzən aşırı əndişə və narahatlıqlar, sui-istifadə halları, qanun layihəsinin mahiyyətindən kənar, yaxud kontekstdən çıxarılmış təqdimatlar da nəzərə çarpır: “Təəssüf ki, bütün bunlar əksər hallarda son 25-26 ilin “nüfuz savaşçıları”nın bitib-tükənməyən qovğasından qaynaqlanır. 

Zaman fərqi və təsir imkanlarının yerdəyişməsinə uyğun olaraq, “premodernist”lər “modernist”, modernist”lər “premodernist”ə çevrilirlər. Güc, nüfuz və təsir nisbətinə uyğun olaraq kluarda “razılaşır”, “avansəhnə”də barışmaz qütb görüntüsü sərgiləyirlər. Beləcə özünü “tərəf” kimi qəbul etdirmək məqsədi daşıyan, saxta, bayağı və süni “mücadilə” illərdir ki, davam edir. Medianın gələcəyi bütün digər peşə sahibləri kimi öz gündəlik fəaliyyəti ilə məşğul olan, özünü “tərəf” kimi qəbul etdirmək üçün nüfuz savaşı aparmayan, peşəsinə görə xüsusi imtiyaz gözləməyən, hüquqi dəyərləri yeganə ölçü vahidi kimi qəbul edən “üçüncü yol” tərəfdarlarınındır. 

Yəni peşə fəaliyyətinə gündəlik iş, fəaliyyət növü kimi yanaşanların, özünü “xilaskar” elan etməyənlərin, digər peşə sahibləri kimi çörəyi peşəsindən, əməyindən çıxanlarındır bu gələcək. “Media haqqında” qanun layihəsindən əndişələnənlərin əhəmiyyətli hissəsi də, əslində klassik “nüfuz savaşçı”larının küyünə gedənlərdir. Qanun layihəsində çatışmazlıqlar var şübhəsiz. 

Amma layihənin mahiyyəti medianın “nüfuz savaşçıları”nın inhisarından çıxarılmasına və bir daha belə reallıqların yaranmaması üçün önləyici hüquqi mexanizmlərin formalaşmasına xidmət edir”.