“Ədalətsizliyin bütün ağrı-acılarını çiyinlərimdə daşımışam” – Jurnalistika fədaisi ilə söhbət... – FOTOLAR   

Jurnalist olmaq, ömrünü cəmiyyətə həsr etmək asan deyil. Jurnalist yetişdirmək isə daha çətindir. Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində böyük bir jurnalist nəsli yetişdirmiş, qocaman müəllimlər az deyil. Onların hərəsi bir məktəbdirlər. Belələrindən biri də bu gün ömrünün növbəti yaşına qədəm qoyan professor Nəsir Əhmədlidir. Nəsir müəllimi mətbuatla az-çox bağlı olan hər kəs tanıyır. Professor təkcə pedaqoq və jurnalistika mütəxəssisi olaraq yox, həm də dilçi kimi fenomenal şəxsiyyətlərdəndir. 

 Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 



2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Nəsir müəllim yarım əsrdir ki, BDU-nun Jurnalistika fakültəsindədir. Onunla-həm də dörd illik ali təhsil həyatımda məənə dərs demiş əziz müəllimimlə ad günü söhbətimizin maraqlı olacağını qabaqcadan təxmin ediridm. Gözlədiyim kimi də oldu: 

-Nəsir müəllim, ötən illəri necə xatırlayırsınız?

- Mən doğulanda atam və böyük qardaşım müharibədə olublar. Anam 5 kiçik uşaqla qazma bir daxmada tənha qalıb, gündüzləri kolxozda işləməklə, gecələri ac balalarını ovundurmaq üçün Allaha dua etməklə keçirib. Ailənin kiçik övladı olmuşam. Doğulduğum müharibə illərinin, sonrakı aclığın, lütlüyün, saxta sovet demokratiyasının, ədalətsizliyin bütün ağrı-acılarını çiyinlərimdə daşımışam. 

Orta məktəbi əla qiymətərlə bitirsəm də, arzuladığım ixtisasa, yəni BDU-nun jurnalistika fakültəsinə yeddi ildən sonra qovuşmuşam. Orta məktəbi bitirəndə qərar çıxdı ki, jurnalistika ixtisasına sənəd vermək üçün azı 2 il əməli iş stajın olmalıdır. Bir müddət kolxozda işlədim, Bakıdakı zavodlardan birində fəhləlik elədim, könülsüz olaraq texniki institutların birinə qəbul olundum, bir il oxuyub rus dilini öyrənmək üçün ərizə verib əsgərliyə getdim və düz yeddi ildən sonra arzuma çatdım. 



- Budəfəki ad gününüz bir az fors-major dövrə - koronavirus pandemiyasına təsadüf edir. Necə keçirirsiniz?

-  Tək mən deyiləm ki...Hamının builki doğum günü belə şəraitdə keçir. Ellə gələn toy-bayramdır. Təki axırı yaxşı olsun. Bu bəla çəkilib getsin, millətimizin, dövlətimizin problemləri ilə daha yaxşı məşğul ola bilək. 

- İndi ölkədə tanınan ziyalılardan birisiniz. Maraqlıdır, ilk dəfə nə vaxt əlinizə qələm almısınız? İrəliləməkdə davam etdiyiniz bu uzun yolun başlanğıcı haradır? 

- Hələ 5 yaşım olanda yazıb oxumağı bacarırdım. 1949-cu il sentyabrın 1-də də 6-cı sinifdə oxuyan bacıma qoşulub məktəbə getdim. Boyum balaca, yaşım az olduğu üçün qəbul etmədilər.



 Təxminən 2 ay boş-boşuna gedib gəldim, hər gün məktəbin həyətində oturub bacımı gözləyir, onunla birlikdə evə qayıdırdım. Noyabrın əvvəllərində məktəbin direktoru dedi ki, biz indi səni götürsək, oxuya bilməyəcəksən, uşaqlar hərfləri keçib qurtarıblar. Dedim, mən yaza da bilirəm, oxuya da. Dedi, məsələn, nə oxumusan? Dedim, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni. “Kərpickəsən kişinin hekayəti”ndən bir parça əzbər dedim. Mat-məəttəl qaldı, xəttimi yoxlayıb adımı jurnala yazdılar. 

- Həm də şeir yazırsınız. Sizcə, Səməd Vurğun "Nemətsə də, gözəl şeir, Şair olan qəm də yeyir" misraları ilə nə demək istəyib?

- Poeziya başqa bir aləm, şairlik başqa bir sənətdir. “İki məfhum” adlı bir şeirimdə yazmışam:
“Poeziya...

Bəzən xalq ahından buxara dönən,
Şair ürəyinə hopdurulan su,
Bəzən ruh oxşayan el sevincidir.

           Şairlik...

Ürəklərdə tez parlayıb gec sönən, 
Min nəfərə ümid verən şah arzu,
Bir nəfərə nəsib olan incidir”.

XX əsrdə o bir nəfər Səməd Vurğun olub. 50 illik ömrünün 30 ildən çoxunu özünəməxsus poeziya dünyasında yaşayıb, şeirləri ilə birlikdə ürəklərə süzülüb, tükənməz el məhəbbəti qazanıb, şan-şöhrətin zirvəsinə yüksəlib, hamı elə bilib ki, ondan xoşbəxt bir kimsə yoxdur. Doğrudan da, şair kimi S.Vurğun çox xoşbəxtdir, amma insan kimi...  İnsan kimi “çəkmədiyi ağrı”, “yemədiyi qəm” qalmayıb. “Bakının sayrışan ulduzları” ilə yanaşı, “bağrına od basan pərvanələr”, “cahanda göz yaşı, qəmxanələr” görüb. Cavidləri, Müşfiqləri, daha kimləri, kimləri ürək ağrısı ilə yola salıb, zindan görməsə də, dustaq olub. 

- Bir dəfə mərhum Şirməmməd müəllimin sizə "dayılıq" etdiyini demisiniz. İndi siz özünüz gənclərə necə dəstək olursunuz?

- Bir dəfə yox, dəfələrlə demişəm, yenə deyirəm, həmişə də deyəcəm. Bəli, Şirməmməd müəllim 53 il, yəni 1966-2019-cu ilədək mənim “dayım” olub. Bu müddətdə nəyə nail olmuşamsa, onun 50 faizi Şirməmməd müəllimin hesabınadır. O məndə olan bir çox keyfiyyətləri üzə çıxardıb, yol göstərib. İndi mən də həmin işi görməyə - təcrübəmi, bildiklərimi tələbələrimə verməyə çalışıram. Əslinə qalsa, indiki gənclərin xüsusi dəstəyə ehtiyacları yoxdur, müasir informasiya texnologiyalarını, həyatın inkişaf dinamikısını bizdən qat-qat yaxşı bilirlər. Onlara lazım olan yeganə şey insani münasibətdir ki, onu da təkcə məndən deyil, müəllimlərinin hamısından görürlər.
 
- Ümumiyyətlə, neçə ildir, gənclərlə işləyirsiniz. Bu nəsil nümayəndələri barədə düşüncələriniz necədir?

- Gənclərimiz barədə çox yüksək fikirdəyəm. İntellektual səviyyələri yetərincədir. Amma bəzilərində kosmopolitizm düşüncəsi görürəm. Qartal nə qədər ucalarda uçsa da, daim öz yuvasına bağlı olur, onu qoruyur. Bizim gənclərimiz də Vətənimizə, millətimizə, dövlətimizə, dilimizə, mədəniyyətimizə bağlı olmalı, onları qorumalıdırlar. Mən nikbin insanam, gənclərimizin gələcəyinə inanıram.

- Fizika-riyaziyyatı çox sevdiyinizi və vaxtilə bu fənləri yaxşı oxuduğunuzu bilirik. Dəqiq elmlərə meyilli olmağınız yaradıcılığınıza necə təsir edir?

- Riyazi təfəkkürü olmayan şəxs heç bir sahədə zirvəyə yüksələ bilməz. Bircə bu faktı demək kifayətdir ki, Şirməmməd müəllim jurnalist olmazdan əvvəl fizika-riyaziyyat müəllimi olub. Riyaziyyat zehinin gimnastikasıdır. Mən orta məktəbi 61 il əvvəl bitirmişəm. İndi də başqa işlərdən yorulanda tənliklər sistemi həll etməklə dincəlirəm. 


 
- Həyatda konkret bir düsturla yaşamaq mümkünsə, bu düstur nədən ibarət olmalıdır?

- Yox, mümkün deyil. Hamı vahid düsturla yaşasaydı, ömür çox cansıxıcı olardı. Tanrı hər bir insanı yaradarkən ona müəyyən missiya tapşırır və həmin missiyaya uyğun ömür payı və enerji verir. Missiyasını yerinə yetirməmiş heç kim dünyanı tərk edə bilməz. Səməd Vəkilovun Səməd Vurğuna çevirilməsi üçün 50 il yetərli oldu, amma Şirməmməd müəllim hökmən 95 il yaşamalı idi...  

- “Facebook” sosial şəbəkəsində fəalsınız. Yəni belə demək mümkünsə, zamanla ayaqlaşırsınız. “Facebook”- da nələr görür və ümumiyyətlə, sosial şəbəkələrin mövcudluğunu necə qiymətləndirirsiniz?

- İndiki zamanda xüsusən jurnalist üçün sosial şəbəkələrlə təmasda olmamaq mümkün deyil. İnternet dünyaya açılan nəhəng bir pəncərədir. O pəncərədən boylanmağı, dünyada baş verənləri müşahidə edib dəyərləndirməyi bacarmayan insan cəmiyyətdən təcrid olunub. Robinzon Kruzoya çevirilir və tədricən insanlıq mahiyyətini itirir.

- Sizcə, elmi-texniki tərəqqi gələcəkdə bizə nələr vəd edir?

- Hər şeyin ifratı zərərlidir. Elmi-texniki tərəqqinin ifrat gəlişməsi bəşəriyyət üçün çox böyük fəsadlar törədə bilər. Ona görə də bu prosesi nəzarətdə saxlamaq lazımdır. Atomu parçalamaqla həyat üçün çox vacib olan elektrik enerjisi də əldə edilir, dünyanı xaraba qoyan atom bombası da. Burada da həmin vəziyyətdir. Elektrik enerjisi səviyyəsində əyləci basa bilsək, çox şey qazanacağıq. Əks halda nə baş verəcəyini deməyə dilim gəlmir...

- Yeri gəlmişkən, pandemiyadan sonrakı dövrü necə təsəvvür edirsiniz?

- Özümüzdən asılıdır. Dəhşətli tufandan sonra hər tərəf xarabalığa da çevirilə bilər, insanın ruhunu oxşayan gözəl bir mənzərənin də şahidi ola bilərik.



- Haqqınızda çox yazılar yazılıb. Bəs özünüz özünüz haqqında bir nəsr nümunəsi yazsanız, adını nə qoyardınız?

- Yəqin ki yaza bilməyəcəyəm. Yazsam, adını Bəxtiyar Vahabzadədən borc alardım: “Yaşamaq yanmaqdır...” 

P. S: Söhbətimizin sonunda Nəsir müəllim aşağıdakı misraları dilə gətirdi. 

Mən isti yay günündə buludsuz səmalardan
qurğuşun yağışları yağanda doğulmuşam.
Körpələrin sevdiyi şirniyyat əvəzinə
anamın axıtdığı yaşlarda boğulmuşam.
Cırtdan kimi işığa - məktəbə yönəlmişəm
  altı yaşım olmamış,
Sabahımdan qoparaq dünənımə süzülüb
                              on il - on damcı yağış.
Füzuli baratından necə küsmüşdüsə də,
yeddi il attestatdan mən də elə küsmüşəm.
İstəmişəm ucalam, haqzızlıq yolub məni,
Molla Nəsrəddin demiş: quş həddinə düşmüşəm.
Şükür ki, gec də olsa, zəhmətim sayəsində
                              öz arzuma çatmışam.
Ülvi diləklərimi Vətənimin, xalqımın
                              diləyinə qatmışam...    

Çox düşünmədim. Müəllif həmsöhbətim özüdür. Bu şeir də onun özünə aiddir. Kollektivimiz adından Nəsir müəllimi təbrik edir və onun zəhməti sayəsində hələ çox arzularına çatmasını diləyirəm.