"Cızma-qaralarım var, adını şərti "Karantin" qoymuşam" - MÜSAHİBƏ

Əyyub Qiyas: "Yaşamağa davam etməliyik"

Koronavirus pandemiyası elə şərait yaratdı ki, insanlar arasındakı münasibətlər də zəiflədi. İndi nə qonaqlıqlar var, nə qucaqlaşıb, öpüşmək. Bir-birimizlə görüşəndə daha heç əl də tutmuruq. Ən yaxşı halda uzaqdan bir “salam” deyərək yellədirik. Əslində nələri dəyişmədi ki? Hər şeyə təsir etdi bəşəriyyətin 2020-ci ildəki qonağı - koronavirus pandemiyası. Bircə ədəbiyyat hələ ki, dəyişməz qalıb. O da müvəqqəti… 

 “Sherg.az”ın budəfəki həmsöhbəti nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Kinematoqrafçılar İttifaqının üzvü Əyyub Qiyasdır. Əyyub bəylə ədəbiyyatdan danışdıq. Amma, əlbəttə, ilk sualları zaman verdi: 

- Karantin barədə ən müxtəlif fikirlər var. Siz nə düşünürsünüz?

- Pandemiya ilə bağlı hadisələri ilk vaxtlardan etibarən izləyirəm. Bunun süni yolla yaradılan, bioloji silah olduğuna inanıram. Böyük güclər, yəqin, öz güclərini nümayiş etdirmək istəyirlər. İnsanlar koronavirusa barmaqarası yanaşırlar. Amma idarə olunmaqdan tez bir zamanda qurtarmaq üçün qaydalara əməl etmək lazımdır. Bilməliyik ki, pandemiya üçüncü dünya müharibəsi qədər təhlükəli və genişmiqyaslı bir prosesdir.

- Bəs pandemiyadan sonra nələr dəyişəcək?

 - Düşünürdüm ki, ortaq çətinliklər insanları bir-birinə yaxınlaşdıracaq. Amma, əksi oldu. Cəmiyyətdə aqressivləşmə yarandı. Ona görə də adaptasiyanın çətin olacağını düşünürəm. Hər halda bütün çətinliklərə və dəyişikliklərə baxmayaraq, həyat qaldığı yerdən davam edir. Biz də yaşamağa davam etməliyik. 

- Bu aylar ərzində gününüzü necə keçirdiniz?

- Allaha şükür ki, yaradıcı insanam. Yoxsa, çox çətin olardı. Düzdür, müəyyən çətinliklər, məhdudiyyətlər var. Amma günümü, demək olar, yazı masası arxasında keçirdim. 

- Maraqlıdır, indi içində olduğumuz hadisələrlə bağlı nə vaxtsa bir kitab yazarsınızmı? 

- Əslində roman yazmağı düşünürəm. Hətta müəyyən cızma-qaralarım da var. 

- Adını müəyyənləşdirmisiniz?

 - Əsərin adı məzmuna uyğun seçilir. Yəni elə dəqiq qərara gəlməməmişəm. Amma şərti olaraq “Karantin” adını müəyyənləşdirmişəm. 

- Bəs film çəkmək necə?

 - Bəlkə də, ABŞ-da bu mövzuda film çəkilişləri çoxdan başlayıb. Çünki onlar çox çevikdirlər. Tamaşaçının diqqətini çəkməyi bacarırlar. Onu da deyim ki, Avropada oxşar mövzuya həsr olunmuş müxtəlif filmlər var. Məsələn, “Yoluxma” buna misaldır. Azərbaycanda isə film sənayesi hələ tam oturuşmayıb. Həm də bu, çox xərc tələb edir. Kinonun, filmin eyni zamanda  gəlir mənbəyi olduğunu başa düşməliyik. 

- Pandemiyanın fonunda artıq macəra, fantastika kimi janrlara maraq artıb. Necə düşünürsünüz, koronavirus ədəbiyyata necə təsir edəcək?

- Yaradıcılıqlarında pandemiya mövzusuna müraciət edənlər çoxdur. Tədricən də artır. Rusiya, Türkiyə mətbuatında da bu barədə yazılır. Mənə elə gəlir ki, növbəti  Nobel mükafatçılarından biri də məhz haqqında danışdığımız mövzuda yazan müəllif olacaq.

- Sizcə, yetişməkdə olan gənc nəsil ədəbiyyatdakı bu tələbatı ödəyə biləcəkmi?

- Bizim istedadlı gənclərimiz kifayət qədədir. Onların çoxunu tanıyıram. Aralarında “axına düşənlər” olsa da, həmin gənclərin əksəriyyəti nə yazdıqlarını bilirlər. Məncə, onlar gələcəkdə böyük işlər ortaya qoyacaq və hətta öz yanaşmaları ilə fərqlənəcəklər.

- Ölkədəki ədəbi dərgilərin sayını və məzmununu necə qiymətləndirirsiniz?

 - Azərbaycan kimi kiçik bir ölkə üçün ədəbi dərgilərin sayı kifayət qədərdir.  “Ulduz” jurnalı, “Azərbaycan” jurnalı, “Ədəbiyyat” qəzeti maraqlı mətbu orqanlardır. “Ustad” isə daha çox ədəbi-publisistik dərgidir. Bu məcmuələrin rəhbərləri böyük təcrübəyə malikdirlər. Amma satış problemi var. İndi dərgi alan yoxdur. Qiymətlər də çox ucuzdur. İş o yerə çatıb ki, hətta Azərbaycan Yazıçılar Birliyinin orqanı da iki manata satılır. Həm də indi yaxşı mətn çox azdır. Bu işin içində olduğum üçün əminliklə deyirəm, redaktə prosesi zəifdir. Əgər mətn yaxşı olsa, istənilən mətbu orqan onu dərc edər. Heç kim yaxşı mətnə qadağa qoymaz. 

- Satış problemini necə həll etmək lazımdır?

- Bu, marketinq məsələsidir. Yəni marketoloqlar məşğul olmalıdır. Mən sadəcə onu deyim ki, insanları hansısa formada cəlb etmək, maraqlandırmaq lazımdır. Məsələn, müxtəlif uduşlar, kampaniyalar keçirmək olar. Dediyim təklif insanları həvəsləndirəcək. Nəticədə bir müddət uduş üçün hansısa dərgini alan oxucu sonradan bunu vərdişə, həyat tərzinə çevirəcək. 

- Bəzi müəlliflər səyyar satışdan istifadə edirlər. Buna münasibətiniz necədir?

 - Analoji təcrübə Avropada da var. Hətta ən böyük yazıçılar da zaman-zaman səyyar satışla məşğul olublar. Burda pis nə var ki? Müəllifin əmtəəsi kitabdır və o, öz kitabını satır. Bunu zəruri edən əsas məqam isə nəşriyyatların, mağazaların satışdan faiz götürməsidir. Ona görə də yazıçı məcbur qalıb özü öz kitabını satır. Elə oxucu da olur ki, 10 manatlıq kitabı beş dəfə artıq qiymətə alır. Nəticədə növbəti əsəri ərsəyə gətirmək üçün həm stimul yaranır, həm də maddi mənbə olur. Səyyar satışda iştirak edənlər, xüsusilə kitabı təklif olunandan daha baha qiymətə alanlar bu jestləri ilə həm müəllifə, həm də ədəbiyyata hörmətlərini göstərirlər. 

- Biz xarici müəllifləri həvəslə oxuyuruq. Bəs bunun əksini, yəni beynəlxalq arenada  öz yazıçılarımıza maraq göstərmələrini görmək üçün nə etməliyik? 

- Bildiyiniz kimi, 117 Nobel mükafatçısı var. Mən onlardan 115-nin, yəni 2018-ci ilə qədər olanların əsərlərini Azərbaycan dilinə tərcümə edib, bir antalogiya buraxmışam. Əminliklə deyə bilərəm ki, bizim yazıçılarımız həmin ədiblərdən heç də geri qalmırlar. Yəni başımızı uca tutub gəzə bilərik. Problem müəllifə və kitaba olan  münasibətdədir. Çox ölkədə, o cümlədən də Rusiyada “metro ədəbiyyatı” var. İnsanlar kitab alır və yol boyu oxuyurlar. Məsələn, Moskva metrosunun bu başından o başına getmək üçün saat yarım vaxt lazımdır. Nəticədə oxucu yol boyu oxuduğu kitabı iki-üç günə bitirir. Beləliklə, dünya kitab ticarəti inkişaf edir. Əfsuslar olsun ki, bizdə bu ənənə zəifdir. Düzdür, metroda, avtobusda kitab oxuyanlar var, amma arzuolunan qədər yox. 

- Niyə?

- Çünki kitabların qiyməti baha - orta hesabla 8-10 manatdır. Belə olan halda heç kim bir ay ərzində 4-5 kitab ala bilməz. Yəni kitabların qiyməti ilə alıcıların imkanları üst-üstə düşmür. Odur ki, qiymət ucuzlaşmalıdır. Buna mütənasib olaraq keyfiyyətin bir az zəifləməsi də məqbuldur. Qoy, kitablar cəmi bir dəfə oxunmaqdan ötrü nəzərdə tutulsun. Amma təki oxunsun. Özünüz təsəvvür edin, min tirajlıq kitabı səkkiz manata satmaq yaxşıdır, ya on min tirajlıq kitabı iki manata satmaq? Əlbəttə, ikinci. Əgər reklam olsa, müxtəlif vasitələr, o cümlədən canlı yayımla kitab təbliğ edilsə, vəziyyət xeyli düzələr. 

- Axı ümumiyyətlə, pul sərf etmədən kitab oxumaq da mümkündür. Bunun üçün  sadəcə PDF versiyanı əldə etmək kifayətdir...

- Bu, oğurluqdur. Əslində PDF-dən oxumaq da pullu olmalıdır. Axı yazıçı pul qazanmaq məqsədilə əsər yazır. Niyə nəşriyyatlar bəzən hətta müəllifə demədən onun əsərini onlayn mühitə çıxarmalıdırlar?! Mənim də bir neçə kitabımın PDF versiyanı yaratmışdılar. Etiraz etdim və onları sildirdim. 

- Onda pul yazıçıya necə verilməlidir?

- Elektron formada müəllifin hesabına köçürülməlidir. Əvvəlcə, imkan yaradılmalıdır ki, oxucu 10-15 səhifəyə göz gəzdirib, əsərlə tanış olsun. Əgər bəyənərsə, onda müəllifin hesabına pul köçürərək kitabın PDF versiyasını tam əldə edə bilər. Bir şərtlə ki, həmin kitabı ancaq konkret oxucu özü istifadə etsin, tirajlanmasın. Həm də PDF-in qiyməti nisbətən ucuz, çap qiymətinin təxminən yarısına olmalıdır. 

- Gənclərə məsləhətiniz nədir?

- Onlar çox ağıllıdırlar. Mənim telefonda edə bilmədiklərimi, beş yaşındakı uşaq bacarır. Əslində, bu, onlar üçün avantajdır. Lakin gərək texnikadan doğru, səmərəli istifadə etsinlər, maariflənsinlər. Telefonda saatlarla oyun oynamaq düzgün deyil. Bu, vaxt itkisidir. Onun əvəzinə oxuyub, öyrənmək lazımdır. Mütaliə dünyanın ən gözəl məşğuliyyətidir. Həm də oxumaq, öyrənmək heç vaxt tükənmir, bilmədiklərin həmişə tapılır.