Təxribat! - “Çalışırlar ki, Azərbaycan Ermənistanın sərhədlərini keçsin" - KTMT “kartı”...

"KTMT-in dördüncü maddəsini yenidən gündəmə gətirmək istəyirlər"

"Fransa və ABŞ isə yenidən regiona qayıtmaq istəyirlər"

"Və bu məqsədlə hətta Azərbaycanla Ermənistanın daxili işlərinə qarışmaqdan çəkinmirlər"



Regionda geosiyasi vəziyyət yenidən mürəkkəbləşib. Şübhəsiz, bunun səbəbkarı məhz Ermənistandır. Rəsmi İrəvan heç bir vəchlə destruktiv mövqeyindən əl çəkmir. Gücü hardan, kimlərdən aldığı məlumdur. Və bu da sirr deyil ki, düşmən ölkə güzgüyə baxıb özünü hamıdan güclü hesab edən nağıl qəhrəmanlarını xatırladır.

Gözünü açmır, ətrafa baxmır. Sərhəddəki təxribatlar onu deməyə əsas verir ki, Paşinyan iqtidarı, həqiqətən, özünü hamıdan ağıllı hesab edir. Lakin regionda yeni reallıqlar yaranıb. Regionun sahibi var! Ermənistan və havadarları bunu bilməlidirlər. 

 Son proseslər və gələcək perspektivlərlə bağlı politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Sherg.az”ın suallarını cavablandırdı:

- Düşmən niyə məhz Kəlbəcəri hədəf alır?

- Əlbəttə, bu, təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, Kəlbəcər işğaldan azad olunmuş ən böyük rayondur. Bu ərazi gələcək üçün böyük perspektivlər vəd edir. Kənd təsərrüfatının və turizmin inkişafından ötrü ciddi potensial var. Həmçinin Kəlbəcərin sərhədlərinin girintili-çıxıntılı olması təxribatlara imkan yaradır.

- Ümumiyyətlə, Ermənistan niyə bu addımı atır?

- Təxribatlar gözlənilən idi. Ermənistan siyasəti zaman-zaman analoji provokasiyalar üzərində qurulub. Bu, köhnə metoddur. Təribatların Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasındakı görüşdən sonra olması təsadüfi deyil. Görünür, İrəvana “fitva” verənlər var.

- Məqsəd nədir?

- KTMT-in dördüncü maddəsini yenidən gündəmə gətirmək istəyirlər. Çalışırlar ki, Azərbaycan Ermənistanın sərhədlərini keçsin və dünya üstümüzə düşsün. Bu, Rusiyanın, ABŞ-ın da ürəyincədir. Fikrimcə, belə bir mənzərə üçüncü dünya müharibəsinin də başlanğıcı ola bilər.

- Kremlin hazırkı vəziyyətə münasibətini necə qiymətləndirirsiniz?

- Şimal qonşumuzun Azərbaycanla bağlı siyasəti hələlik bizi qane edir. Lakin bunların arxasında nəyin dayandığını bilmirik. Hər halda Rusiyanın bizimlə səmimi olduğuna inanmıram.

- Bəs İran?

- Bu dövlət də müharibə dövründə olduğu kimi, yenə riyakarlıq edir. Cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasının qəti əleyhinədir. Fransa və ABŞ isə yenidən regiona qayıtmaq istəyirlər. Və bu məqsədlə hətta Azərbaycanla Ermənistanın daxili işlərinə qarışmaqdan çəkinmirlər.

- Ermənistanın siyasəti gələcək üçün nələr vəd edir?

- İrəvan ikili siyasət yeridir. Həm Rusiya ilə, həm də Qərblə “paslaşır”. Lakin Moskva və Qərb bunu yaxşı başa düşürlər. Onlar sadəcə Ermənistandan istifadə edirlər. Beynəlxalq hüquq, hazırkı geosiyasi vəziyyət heç bir halda Ermənistanın xeyrinə deyil. Daxildə vəziyyət gərgindir. Paşinyanın Rusiyaya meyilli vəzifəliləri istefaya göndərməsi məmur ordusunun parçalanması ilə nəticələnir. Azərbaycanın uğurlu xarici siyasəti isə düşməni daha da çıxılmaz duruma salır.

- Tərəflər arasında yükun sülh müqaviləsinin imzalanması barədə fikirləriniz necədir?

- Düzdür, gec-tez olacaq. Amma yaxın gələcəkdə belə bir müqavilənin imzalanacağına inanmıram. Təxribatlar davam edəcək. Azərbaycanın əks-hücuma keçəcəyi ağlabatan deyil. Və Ermənistanın da gücü kifayət qədər deyil. Nə vaxtsa mütləq yorulacaq