Taliban Orta Asiyada sabitliyi pozacaq: “Rusiyanın təhlükəsizlik problemləri artacaq”

Əfqanıstan artıq faktiki olaraq Talibanın nəzarəti altındadır. Terrorçular ölkənin paytaxtı Kabili ələ keçiriblər. Prezident isə istefa verib. Bu, təkcə Əfqanıstanın özü üçün yox, həm də qonşu ölkələr və bütünlüklə region üçün ciddi təhlükədir.

“Sherg.az” olaraq prosesləri siyasi analitik Turab Rzayevlə birlikdə təhlil etdik:

- Əfqanıstanın “ram edilməsi” nə qədər gözlənilən idi?

- Bunu əvvəlcədən proqnozlaşdırmışdım. Çünki Talibana rəqib yox idi. Üstəlik, silahlılar bu dəfə ənənəvi bölgələrdən kənara çıxmışdılar.  Həm də daxildə Talibanın kifayət qədər dəstəkçisi var idi.

- Köçkünlərin axırı necə olacaq?

- Onlar orta təbəqədirlər. Çox güman, Türkiyədə vətəndaşlıq və ya viza alacaqlar. Bir müddətdən sonra isə Avropaya gedəcəklər. Amma Türkiyə ilə sərhəddə gələnlərin geyimləri, əllərində hətta bir şüşə suyun olmaması onu deməyə əsas verir ki, daşınma təşkil olunur. Və bu, İran vasitəsilə həyata keçirilir. İranın bunu nəyə görə etdiyi isə hələlik dəqiq məlum deyil.

- Türkiyə ora köçənləri nə üçün qəbul edir?

- Birincisi, qardaş ölkə beynəlxalq hüquqa hörmət eidr. Bu nöqteyi-nəzərdən həmişə olduğu kimi, yenə də köçkünlərə öz ölkəsində yer verəcək. İkincisi, bir milyonluq əfqanlar ucuz işçi qüvvəsi deməkdir. Eyni ilə suriyalılar kimi. Üçüncüsü, həmin köçkünləri silahlandırıb bu və ya digər məqsəd üçün istifadə edə bilər. Dördüncü isə əfqanlar Ankara üçün təzyiq vasitəsi deməkdir. Türkiyə bunun əvəzində Amerika və Avropadan maliyyə yardımı ala bilər. Eyni zamanda bildiyimiz kimi, Türkiyə- ABŞ münasibətləri gərgindir. Ola bilsin, qardaş ölkə Vaşinqtonu hansısa güzəştlərə, o cümlədən Rusiya ilə S-400 ticarətinə göz yummağa vadar etsin.

- Bəs Orta Asiyanın taleyi necə olacaq?

- Mərkəzi Asiya ölkələri buna hazır deyil. Türkiyədən fərqli olaraq, Tacikistan, Özbəkistanın belə qruplaşmalarla iş təcrübəsi yoxdur. Odur ki, onları ciddi təhlükə gözləyir. Nəzərə almaq lazımdır ki, köçkünlərin arasında xarici kəşfiyyata işləyənlərin nə qədər olduğu bilinmir. Bu mənada əvvəlcə Orta Asiyada, sonra isə Rusiyanın həmin regiondakı “arxa bağçasında” sabitlik pozulacaq. Dolayısı ilə Rusiyanın təhlükəsizlik problemləri artacaq.