Anti-terror əməliyyatına start verməliyik: “Bunun üçün hüquqi baza və kifayət qədər əsas var”

Artıq bir aydır ki, düşmənin təxribatları davam edir. Təəssüf ki, şəhidlər də veririk. Ermənistan hərbi-siyasi hakimiyyəti gah Azərbaycan torpaqlarında, gah da sərhəddə provokasiyalar törədirlər. Prezident İlham Əliyevin dediyi kimi, "Əgər düşmən yenə də müharibə istəyirsə, biz buna hazırıq". Bəs rəsmi İrəvanın ağlı, məntiqi haradadır? Yoxsa, artıq “başını itirib”?

 “Sherg.az” olaraq bu barədə ReAL partiyasının icraçı katibi Natiq Cəfərli ilə blits-müsahibə etdik:

- Sərhəddəki təxribatların törədilməsində məqsəd nədir?

- Bu, Ermənistandakı daxili vəziyyətlə əlaqədardır. Paşinyan seçkilərdə qalib gəlsə də, müxalifət ona ciddi müqavimət göstərir. Etirazçılar regionda sabitliyin yaranmasında maraqlı deyillər. İkinci bir tərəfdən isə rəsmi İrəvan bu yolla KTMT-ni münaqişəyə cəlb etmək istəyir. Azərbaycan da bunu başa düşdüyü üçün “oyuna getmir”.

- Onda rəsmi Bakı nə etməlidir?

- Azərbaycan Prezidenti İlham Əliyev bizim sülh müqaviləsinə hazır olduğumuzu dəfələrlə deyib. Və proseslərin həlli yolu da bundan keçir. Biz tez-tez siyasi bəyanatlar verərək beynəlxalq ictimaiyyətə müqaviləyə hazır olduğumuzu göstərməliyik.

- Bəs Şuşadakı təxtibatlar?

- Orada vəziyyət başqa cürdür. Biz sülhməramlılardan başqa orada hansısa ikinci qüvvəni qəbul etmirik. Ermənilər faktiki olaraq terrorçudurlar.

- Deməli?

- Yəni antiterror əməliyyatına başlayaraq onları zərərsizləşdirə bilərik. Bunun üçün hüquqi baza və kifayət qədər əsas var.