Qazax tarixçi: “Çətin, amma inamlı bir yola doğru gedirik”- Türkdilli dövlətlər birləşir!

İkinci Qarabağ müharibəsi türkdilli dövlətlər arasında əlaqələri sanki bir az da möhkəmləndirdi. Sözügedən ölkələr xarici qüvvələrə qarşı birgə mübarizənin əhəmiyyətini növbəti dəfə anladılar. Yəni "Güc birlikdədir” atalar misalı öz təsdiqini tapdı.
 Təəssüf ki, sovet dövründə əlaqələrimizə imkan verilməmişdi. Amma indi müstəqilik, hər birimiz öz xarici siyasətimizi yeridik. Və bir-birimizlə yüksək səviyyəli təmaslar, şübhəsiz ki, xarici diplomatiyamızın əsasını təşkil edir.

 “Sherg.az” olaraq qazaxıstanlı tarixçi və publisist, “Türklərin son qalası”, “Cənubi Qafqaz türkləri”, “Gürcüstanda bir dəfə” kimi kitabların müəllifi Madi Raimovla sözügedən əlaqələrin perspektivini müzakirə etdik.

- Azərbaycan - Qazaxıstan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz?

- İdealdır! Müstəqil türk dövlətləri arasında bizim əlaqələrimiz ən yaxşılardan biridir. Qazaxıstan hələ 1990-cı illərdən Azərbaycanın Qarabağ müharibəsindəki haqlı mübarizəsini dəstəkləyirdi. Qazaxıstan bu məsələnin tənzimlənməsi üçün yaradılan beynəlxalq komissiyada iştirak edirdi. Ölkəmizdə bizimlə eyni hüquqlara malik minlərlə azərbaycanlı yaşayır. Fikrimcə, təkcə bu faktın özü münasibətlərin hansı səviyyədə olduğunu göstərir.

- Əvvəllər türkdilli dövlətlərin inteqrasiyasında müəyyən boşluqlar, məhdudiyyətlər müşahidə olunurdu. Münasibətləri bərpa etmək naminə indi hansı addımlar atılmalıdır?

- İlk növbədə nəyə ehtiyacımız olduğuna qərar verməliyik. Əlbəttə, işə bir neçə on illiklər ərzində kəsilən mədəni əlaqələrdən başlamalıyıq. Qarşılıqlı iqtisadi əməkdaşlığımız olmalıdır. Nəzərə almalıyıq ki, Azərbaycan Orta Asiya türkdilli ölkələri üçün Türkiyəyə körpüdür.

- Türkdilli ölkələr gələcəkdə Avropa Birliyinə bənzər bir quruluş yarada bilərlərmi?

- Təbii ki, bu, mümkündür. Biz çətin, amma inamlı bir yola doğru gedirik.

- Nəinki Qarabağ, Təbriz də tarixi Azərbaycan torpaqlarıdır. Siz bir tarixçi kimi bunu təsdiqləmək üçün hansı faktları sadalaya bilərsiniz?

- Təbrizin Azərbaycana aid olduğunu Səfəvilərdən Qacarlaradək tarixə baxaraq aydın görmək olar. Oğuz türklərinin, Səlcuq türklərinin bütün tarixi Təbrizlə bağlıdır. Amma fikrimcə, indi Azərbaycan prioriteti Qarabağ olmalıdır. Yalnız bu məsələni tam həll etdikdən sonra Təbrizdən danışmaq olar.