Zelenskinin müharibə anonsu: “ABŞ Ukraynanı silahlandıracaq” – Pərdəarxası...

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibə ehtimalını istisna etməyib. Dövlət başçısı  “YES Brainstorming” forumu çərçivəsində bu məsələyə toxunub.

Moderatorun Rusiya ilə müharibənin olması ehtimalı barədə sualına cavab verən Zelenski deyib: “Hesab edirəm ki, ola bilər. Lakin bu, hadisələrin inkişafının yalnış variantı olardı. Bundan sonra Rusiya, Ukrayna, Belarus qonşuluğu mövcud olmayacaq”. 

Maraqlıdır, Zelenskinin belə bir bəyanat səsləndirməsi nəyə hesablanıb? “Sherg.az” olaraq bu barədə siyasi analitik Turab Rzayevlə söhbətləşdik:

- Rusiya ilə Ukrayna arasında savaşın başlanması barədə nə düşünürsünüz?

- Bu ehtimal çoz azdır. Ukraynanın kifayət qədər iqtisadi resursu yoxdur. Ordusunun müəyyən qədər təcrübəsi olsa da, bu, Moskva ilə müharibəyə başlamaq üçün yetərli deyil. Odur ki, Kiyev Qərbə ümid edir.

- Bəs Qərbin mövqeyi necədir?

- Almaniya və Fransa bunu açıq deməmələrinə baxmayaraq, Rusiyaya müəyyən güzəşt tərəfdarıdırlar. Hazırkı situasiyada Bayden administrasiyası da Rusiya ilə toqquşmaq istəmir. Yalnız hərbi şərait olacağı, NATO ölkələrindən biri və ya bir neçəsinin Ukraynanı tam dəstəkləyəcəyi təqdirdə genişmiqyaslı hərbi əməliyyatlar mümkündür. Dediyim kimi, indiki halda isə savaş real deyil.

- Deməli, Zelenskinin açıqlaması sadəcə daxili auditoriyaya hesablanıb?

- Belə deməzdim. Donbasda müharibənin başlanması Kremlin özünə də sərf etmir.

-Niyə?

-Çünki siyasi imici zəifləyəcək, iqtisadi xərclər sərf olunacaq. Üstəgəl, Qərb Rusiyaya qarşı daha sərt mövqe tutacaq. ABŞ Ukraynanı daha sürətli silahlandıracaq. Ən vacibi isə Putinin ən böyük xəyalı- SSRİ-ni bərpa etmək arzusu, ümumiyyətlə, puç olacaq. Bu mənada Kiyevlə Moskva arasında indiki şəraitdə yalnız lokal toqquşmalar mümkündür.