Türkiyəli general:“Zaman Rusiyanın əleyhinə, Ukraynanın xeyrinə işləyir”


Rusiya ilə Ukrayna arasında atəşkəsin elan olunması üçün hər gün, bəlkə də, minlərlə dua edilir. Evlərindən didərgin salınanlar, yaxınlarını itirənlər Yaradana sığınırlar…Savaş isə hələ də davam edir. Və görünür, hərbi əməliyyatlar yaxın günlərdə dayanmayacq. Çünki tərəflər arasında bu gün keçirilən görüş də uğursuz oldu. Deməli, bu, artıq ölüm-qalım savaşıdır. Bu, haqqla nahaqqın, işğala məruz qalanla təcavüzkarın mübarizəsidir. 

 Ukrayna müdafiə naziri Oliksey Reznikov nikbin danışır, qarşı tərəfin demorilizə olunduğunu deyir. Rus qoşunları isə artıq paytaxt Kiyevdədir. Növbəti hədəfin isə Zelenskinin iqamətgahının olması qətiyyən istisna deyil…

 Belə bir vəziyyətdə proseslərin görünməyən tərəflərini Türkiyənin Azərbaycandakı keçmiş hərbi ateşəsi, general Yücel Karauzla müzakirə etdik:

-Necə düşünürsünüz, Ukraynanın NATO-ya üzvlük iddiası müharibənin başlanması üçün səbəb idi, yoxsa bəhanə?

-Hadisələr 1991-ci ildə SSRİ-nin dağılmasında sonra başlandı. 1999 və 2004-cü illərdə NATO genişləndi. Getdikcə Kreml bunu özünə təhdid kimi gördü. Ümumiyyətlə, Ukrayna strateji əhəmiyyətə malikdir. Həmişə deyirlər ki, Ukraynaya sahib olan dünyaya nəzarət edə bilər. Bu mənada işğal Rusiya üçün xüsusi əhəmiyyətli idi və savaş gözlənilirdi. Rusiya yaxşı hazırlaşdı və dörd cəbhədən hücuma keçdi. Amma proseslər gözlədiyi kimi inkişaf etmədi. 

-Nə üçün?

-Dediyim kimi, NATO-nun genişlənməsi Kremli narahat edirdi. Belə bir aaddımı atmalı idi. Amma ağıllı və cəld davranmalı idi. Bunu bacarmadı. Ona görə də hər ötən gün işi çətinləşir. Putinin danışıqlara hazır olduğunu deməsi də əslində çarəsizliyin göstəricisidir. Əgər “neofaşist” adlandırdığın tərəflə müharibənin beşinci günündə danışıqlar aparırsansa, deməli, nə isə doğru deyil. Zaman Rusiyanın əleyhinə, Ukraynanın xeyrinə işləyir. Hərbin qaydası var: müharibəyə başlamazdan əvvəl öz imkanını, düşmənin gücünü, ərazini, hava sahəsini və beynəlxalq ictimaiyyətin rəyini təhlil etməlisən. Bu, çox vacibdir. Əks halda qazanc məqsədilə başlatdığın müharibə sənə baha başa gələ bilər.  Görünür, Rusiyanın hesablamaları dəqiq olmayıb. Həmçinin texnikası da köhnədir. Rusiya Ukraynanın, Qərbin gücünü ciddi qəbul etmədi. Elə bildi ki, Qərb Cənubi Osetiya, Abxaziya, Krım məsələlərində olduğu kimi, yenə də səssiz qalacaq.  Bu, Moskvanın strateji səhvi oldu. Rusiya ilk dəfə uğursuzluğa düçar olmaq riski ilə müharibəyə girib. Hətta hərbi sahədə uğur qazansa da, Ukrayna bəzi torpaqlarını itirsə də, müharibənin məğlubu məhz Rusiyadır. Fikrimcə, müharibədən sonra Rusiya generalitetində ciddi dəyişikliklərin şahidi ola bilərik. Hətta müdafiə naziri Sergey Şoyqu da istefaya göndərilə bilər. Həm də Kreml beynəlxalq hüquqa zidd davranır. Avropanın tətbiq etdiyi sanksiyalar isə dövləti daha zəiflədir. Biz İkinci Qarabağ müharibəsində də gördük ki, işğalçılar mütləq nə vaxtsa uduzurlar, tutduqları torpaqlardan çıxırlar.  Kiyevin işğalı asan məsələ deyil.. Hər iki tərəf qarşısına qoyduğu hərbi və siyasi hədəfdən çox uzaqdır. Bu mənada, yəqin ki, danışıqlar hələ bir müddət davam edəcək. Rusiya Prezidenti Vladimir Putinin irəli sürdüyü şərtlər, əlbəttə, qəbuledilməzdir. 

-NATO baş katibi Yens Stolberq Ukraynaya qoşun göndərməyəcəyini deyib. Bu nə ilə bağlıdır?
-Əslində Ukraynaya silah göndərən bütün dövlətlər, o cümlədən Almaniya NATO ölkəsidir. Yəni Alyans bu işdə iştirak edir. Amma indi NATO Ukrayna sərhədlərinə birbaşa öz adı ilə daxil ola bilməz. Çünki Ukrayna həmin qurumun üzvü deyil. Odur ki, NATO üzv dövlətlərin əli ilə bu yardımı edir. NATO-nun prosesləri rolu Kiyevin bacarıqsızlığı kimi qiymətləndirilməməlidir. Prezident Volodimir Zelenskinin taktikası aydındır: Kremli dünyadan təcrid etmək, onun əleyhinə koalisiya yaratmaq. Dövlət başçısnın Rusiyanın ünvanına səsləndirdiyi “Belə bir dövlət necə BMT Təhlükəsizlik Şurasının üzvü ola bilər?” fikri bu baxımdan dəyərləndirilməlidir.  Əlbəttə, Zelenskiyə də bunu dedirən Qərbdir. Ümumiyyətlə, proseslər belə davam etsə, BMT Təhlükəsizlik Şurası yenidən formalaşa bilər. 

-Putin bir neçə gün əvvəl nüvə silahlarının hazır vəziyyətə gətirilməsi barədə müdafiə nazirinə tapşırıq vermişdi...

-  Amma bu, daha çox psixoloji manevrdir. Nüvə silahına əl atmaq heç də hər kəsin işi deyil. Çünki bu, öz regionuna da təhlükə altına atmaq deməkdir. Dünyada doqquz ölkənin nüvə silahı var. Onlardan biri barmağını “qırmızı düymə”yə toxundurduqları an planet daş dövrünə, ya da başqa bir mərhələyə qayıda bilər. 

-Niyə Qərbin Qarabağ və Donbas məsələsinə münasibəti eyni olmadı?

-Dediyiniz kimi, son 50 ildə Qərbin bu qədər tez reaksiya verdiyi ikinci hadisə yoxdur. Bunun bir neçə səbəbi var. Ən başlıcası isə din, yəni xristianlıq amilidir. Qarabağ həqiqətlərinə, Xocalı faciəsinə etinasız yanaşan Qərbin indi Ukranaya hər cür dəstək verməsi ikili standartların ən bariz nümunəsidir. 

-Türkiyənin mövqeyini necə qiymətləndirirsiniz?

-Türkiyə tərəfsizdir. Ankaranın həm Moskva, həm də Kiyevlə strateji əlaqələri var. Biz  beynəlxalq hüququn tələblərinə uyğun olaraq hər bir ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edirik. Qarabağ savaşında olduğu kimi, indi də Türkiyə işğalın əleyhinədir. Müharibədən əvvəl Azərbaycan da, Türkiyə də dəfələrlə vasitəçilik təklifi etdi. Hər iki ölkə indi də danışıqlara ev sahibliyi etməyə hazırdır. 

-Bu böhran, sizcə, Cənubi Qafqaza necə təsir edəcək?

-Rusiyanın imicinə ziddi zərbə dəydi. Putin Qərbpərəst ölkələrə dərs vermək istəsə də, bu, alınmadı. Moskvanın ehtimal edilən uğursuzluğu Qərbi və Qərbpərəst ölkələri cəsarətləndirəcək. Həmçinin Gürcüstanın da gələcəkdə Abxaziya, Osetiyanı azad etmək uğrunda hərəkətə keçməsi mümkündür. Kreml qalib gələcəyi təqdirdə isə qərarlarını Putinin reaksiyasına görə müəyyənləşdirən liderlərin sayı artacaq. 

-Necə düşünürsünüz, Azərbaycan bu gərginlikdən istifadə edərək Qarabağda yarımçıq qalmış işini tamamlaya bilər?

-Dövlətlər hisslərlə yox, ağılla idarə olunur. Məncə, soyuqqanlı davranmaq və daha münasib vaxtə gözləmək lazımıdır. 

Kənan Novruzov