Ukraynadakı türkiyəli jurnalist "Şərq"ə danışdı: "Putin Kiyevdə yaşamaq istəyir"



Təxminən 15 gündür ki, bütün dünyanın gözü, qulağı Ukraynadadır. Ölkədəki hadisələrin nə ilə nəticələnəcəyi hamını düşündürür. Kimiləri səmimi dualarının gerçəkləşməsini, kimiləri isə məkrli planlarının baş tutmasını səbrsizliklə gözləyirlər. Belə bir vaxtda təkcə sıravi insanları deyil, dünyanın ən aparıcı informasiya agentliklərini də xəbərlə təmin edən məhz Ukraynadakı fədakar jurnalistlərdir. Həmkarlarımız həyatlarını təhlükəyə atır, bombalardan, güllələrdən daldalanaraq informasiya arxasınca qaçırlar. 

Onların arasında türkiyəli media nümayəndələri də var. CNN kanalının müxbiri Mücahit Topçu Ukraynadakı durum və proseslərin inkişafı barədə "Sherg.az"ın suallarını cavablandırıb.

- Hazırda Kiyevdə vəziyyət necədir?

- Kiyev kabuslar şəhərinə bənzəyir. Axşam hava qaranlıqlaşandan sonra səssizlik bir az da artır. O səssizliyi isə sadəcə rusların bombardmanı pozur. Hücumlardan bir neçə saniyə əvvəl eşidilən sirena səsləri sanki xəbərdarlıqdır. Bu səsi eşidən əhali sığınacaqlara qaçır. Yemək, su, istilik istənilən qədər deyil. Marketlər, demək olar, boşdur. Metroda yaşayan insanların ehtiyacları daha çoxdur. Müharibəni daha dərindən hiss edənlər körpələr, uşaqlar və qadınlardır.

- Yerli əhali nə deyir, nə düşünür?

- İnsanlar Rusiyaya müqavimət göstərəcəklərini söyləyirlər. Bunun üçün hazırlıq görürlər. Sakinlər qum torbası, stol, stul, pianino, paltaryuyan maşın və digər məişət əşyalarını küçəyə çıxarır, "səngərlər" düzəldirlər. Onlar ən qısa vaxtda müharibənin diplomatik həll yolunu gözləyirlər. Amma savaş bitənə qədər xalq vətənini qəhrəmanlıqla müdafiə edəcək. 

- Əksəriyyət rusların bir neçə günə Kiyevi işğal edəcəyini düşünürdü. Amma belə olmadı. Ruslar ləng irəliləyirlər? Sizcə, niyə belə oldu?

- Ruslar irəliləmirlər. İctimai rəydə çaşqınlıq yaratmaq üçün paytaxt prioritet hədəf kimi göstərilə bilər, amma əslində burada hərəkət güclü deyil. Ukraynanın cənubunda, Qara dəniz ətrafında isə bir çox yerlər Rusiyanın nəzarətinə keçib. Ümumiyyətlə, ola bilsin, Mokskvanın hədəfi Kiyev yox, Qara dənizdir. Hər halda hədəf paytaxt olsa, daha şiddətli döyüşlərin, fərqli miqyasda hücumların şahidi olardıq. Fikrimcə, ruslar daha çox Odessanın işğalına kökləniblər. Çünki bu şəhərin tutulması Ukraynanın Qara dənizə çıxan qapısının bağlanması deməkdir. 

- Yerli jurnalistlər necə, hansı şəraitdə  işləyirlər?

- Təkcə ukraynalı media nümayəndələrinin yox, hamımızın işi çətindir. Çünki teleqüllə bombalanıb, televiziya binaları hədəf alınıb. 

- İnformasiya müharibəsinin gedişatını necə qiymətləndirirsiniz?

- Bəzi xəbərlər həqiqəti əks etdirdiyi halda, bəziləri ancaq təbliğat xarakteri daşıyır.  Məncə, Ukrayna sözügedən məsələdə, yəni informasiya savaşında bir addım öndədir. Moskva informasiya təminatında çox gecikir. Rəsmi KİV- lə yanaşı, sosial mediadan da geniş istifadə olunur. Rusiya tərəfi isə rəsmi açıqlamalar vermək istəmir. Kiyev Moskvadan fərqli olaraq özünü daha rahat ifadə edə bilir. 

- Müharibənin nəticəsi, həmçinin Putin və Zelenski hakimiyyətlərinin sonu barədə nə düşünürsüz?

- Bunu təxmin etmək çox çətindir. Rusiya müharibəni davam etdirsə, mülki əhali arasında itki daha da artacaq. Putin Kiyevi Hələb və İdlib kimi xaraba şəhərə çevirməkdən daha çox, burada yaşamaq istəyir. O, Kiyevi öz evi kimi görür. Ona görə də dağıntıların çox olmamasına çalışır. Bu nöqteyi nəzərdən fikrimcə, böhran diplomatik yolla həll olunacaq. Zelenski hazırda Ukraynanın qəhrəmanıdır. Bu müharibənin taleyi isə həm də onun taleyidir. Zelenski tarix kitablarına ya qəhrəman, ya da xəyalpərəst kimi düşəcək. Bunu zaman göstərəcək.

Kənan Novruzov