Ukraynada ezamiyyətdə olan türkiyəli jurnalist:"Bilmədiyimiz nələrsə var"

Ukraynada vəziyyət gərgin olaraq qalmaqdadır. Təkcə döyüşçülər arasında deyil, mülki əhalidən də  itki kifayət qədərdir. Prezident Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın bu günlərdə dünya ictimaiyyətinə yazdığı açıq məktub ölkədəki durumun ən bariz göstəricisi olmaqla yanaşı, həm də qürur nümunəsi idi. Hakimiyyət də, xalq də məğrurdur. 

 Danışıqlar davam edir. Yəqin ki, diplomatiya masası arxasında hər iki tərəfin maraqları təmin olunanadək hərbi əməliyyatlar davam edəcək. Kimin axıradək tab gətirə biləcəyi isə hələlik məlum deyil.

 "Sherg.az" olaraq Ukraynada ezamiyyətdə türkiyəli operator Hilmi Yaşa ilə ölkədəki hazırkı şəraiti müzakirə etdik: 

- Kiyevdə durum necədir?
- Burada atışmalar yoxdu, amma raketlər atılır. Ruslar konkret hədəfləri vururlar. Hərçənd bəzən hədəflər qeyri- dəqiq ola bilir. Gənclər əllərində silah şəhəri müdafiə edirlər. 
- İctimai rəy necədir?
- İnsanlar çox sakitdir. Əsla həyacan, təlaş yoxdur. Görünür, millət dövlətə güvənir.
- İki dünya müharibəsində qalib gələn Rusiyanın indi Kiyevə girmək üçün bu qədər güc sərf etməsi və bunu hələ də bacarmaması, sizcə, qəribə deyil?
- Bu, mənə də maraqlıdır. Əslində ruslar irəliləyirlər, amma çox yavaş. Ola bilsin, hələ də bizim bilmədiyimiz nələrsə var.
- Müharibənin nəticəsi barədə nə düşünürsüz?
- Əgər tərəflər diplomatik masa arxasına əyləşsələr və Rusiya istədiyi torpaqları Ukraynadan qoparsa  Zelenski hakimiyyətdən gedər. Yox, döyüşlər davam etsə, Putin iqtidarı tədricən zəifləyər. 
- Davam edən informasiya müharibəsini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, bu məsələdə Ukrayna tərəfi daha üstündür. Ukrayna mediasi daha fəaldır. 
- Yerli jurnalistlər necə çalışırlar?
- Ukrayna Tv kanalları ortaq yayımlarla çıxış edir.  Xalqın dəstəyini, həmrəyliyini göstərir, məsul şəxslərlə onlayn müsahibələr edirlər. Əsas məqsəd xalq arasındakı müsbət əhval- ruhiyyəni qorumaqdır.