Sülh müqaviləsinin bağlanması hələ vaxt aparacaq

Azərbaycan və Ermənistan XİN başçıları daha çox sərhədlərin müəyyənləşməsinin detallarını çözəcəklər

Yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin iştirakı ilə yeni görüşünün keçirilməsi gözlənilir. Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan parlamentdə çıxışında deyib. O bidirib ki, Ermənistanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında danışıqlar prosesinin bərpası üçün ardıcıl çalışır. Bu işin nəticələrindən biri iki ölkənin XİN rəhbərlərinin - Ararat Mirzoyan və Ceyhun Bayramovun Nyu-Yorkda görüşü, həmçinin Minsk qrupu həmsədrlərinin danışıqları davam etdirmək zərurəti barədə verdikləri bəyanatdır. 

Xatırladaq ki, sentyabrda BMT-nin Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilib.

Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, son günlər dövlət başçılarının hansısa görüşünün, hətta ikitərəfli müqavilənin belə imzalanmasının gözlənildiyi bir şəraitdə XİN başçılarının, həm də Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşün keçirilməsinin planlaşdırıldığının söylənilməsi, hesab edirəm ki, hansısa məsələlərin son dəfə dəqiqləşdirilməsinə ehtiyac olduğunu göstərir:

 "Dövlət başçılarının imzalaması gözlənilən məsələlər əsasən Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və demarkasiyası olacağı bildirilirdi, hətta sülh müqaviləsinin belə bağlanacağı şayiələri də gəzirdi. Azərbaycan Prezidentinin də bu gün "biz sülh müqaviləsi bağlamağa hazırıq" deməsi də, bu ehtimalları artırırdı. XİN başçılarının görüşü, çox güman ki, bu məsələlərin detallarının dəqiqləşdirilməsinə hesablanıb. Bunlar mətbuatda gəzən məlumatlara əsasən gəlinən nəticələrdir. Hesab edirəm ki, məsələ əslində o qədər irəli getməyib ki, sülh müqaviləsi və ya dəhlizin açılması kimi strateji məsələlərin sona çatması ilə nəticələnsin. Bu görüşdə müzakirə olunacaq məsələnin Türkiyə və Ermənistan sərhədinin açılması üzərində qurulacağı böyük ehtimaldır. Regionda gedən proseslərə nəzər salsaq, görmək olur ki, sərhədin açılması Ermənistan üçün həyati əhəmiyyət kəsb etməyə başlayıb, xüsusən də, Azərbaycanla İran arasında olan son problemlərdən sonra". 

A.Qasımov əlavə edib ki, İran onsuz da bu illər ərzində Ermənistan üçün nəfəslik rolu oynayıb, erməni toplumunu acından ölməyə qoymayıb:

 "Amma Azərbaycanın sərhəddə İran tərəfindən gömrük haqqı alması və məhdudiyyətlər Ermənistanda bahalaşmaya səbəb olub. Və məlumatlara görə, Nikol Paşinyan Türkiyə tərəfinə sözün əsl mənasında yalvarıb ki, Türkiyə sərhədləri açsın, onun da ölkədəki nüfuzu aşağı düşməsin. Sonra isə nəzərdə tutulan digər məsələləri rahatlıqla həyata keçirmək üçün onun əli güclənsin. Bunun Türkiyə üçün də əhəmiyyəti vardır. Türkiyə Amerikadan F35 əvəzinə F16 istəyib, amma Senatdan keçmək üçün yəhudi və erməni lobbisinin razılığı lazımdır. Sərhəd açılmasının buna kömək ola biləcəyi deyilir. Odur ki, sərhədin açılmasından hər iki tərəf qazanclı çıxacaq. Azərbaycan da hesab etmək olar ki, buna razı olacaq, çünki proseslər zatən hərtərəfli razılaşmalara doğru gedir və sərhədin açılması bunun üçün xoşməramlı addım olardı".